Azərbaycan pandemiyaya müqavimət göstərməsi səyləri ilə fəxr edə bilər Ariel Universitetinin rektoru


Siyasət 12 May 2022 20:25:00 112 0

Azərbaycan pandemiyaya müqavimət göstərməsi səyləri ilə fəxr edə bilər  Ariel Universitetinin rektoru

Azərbaycan COVID-19 pandemiyasına necə müqavimət göstərə bildiyi ilə fəxr edə bilər.

Bunu Trend-ə özəl müsahibəsində Azərbaycanda səfərdə olan Ariel Universitetinin (İsrail) rektoru, molekulyar biologiya kafedrasının, doktor Miriam və Şeldon Adelsonlar adına Tibb Məktəbinin professoru Albert Pinxasov deyib.

"Səfərimin əsas məqsədi COVID-19 pandemiyası, onun nəticələri, post-COVID fəsadları, eləcə də bu virusun gələcək nəsillərə təsiri ilə bağlı konfransda iştirak etməkdir. Bu, mənim Azərbaycana ilk səfərimdir. Üç ilə yaxındır ki, elmi ictimaiyyətlə onlayn görüşlərdən sonra beynəlxalq konfransda iştirak etmək çox xoşdur. İndi bizim şəxsən görüşmək, fikir mübadiləsi aparmaq imkanımız var. Konfrans çox yüksək səviyyədə təşkil olunub, bir çox ölkələrdən iştirakçılar qatılıb. Konfransı təşkil etemiş professor Vüqar Əliyevi xüsusi qeyd etmək lazımdır. Mən pandemiya dövründə xəstələrin müalicəsi üçün dayaq məntəqələrindən olmuş Quba şəhərinin mərkəzi xəstəxanasında oldum. Həkimlərin bu virusla mübaizəsində nümayiş etdirdiyi peşəkarlıq məni heyrətləndirib. Azərbaycan pandemiyaya qarşı necə müqavimət göstərə bildiyi ilə fəxr edə bilər", - deyə o bildirib.

A.Pinxasov vurğulayıb ki, Azərbaycan və İsrail səhiyyənin inkişafı konsepsiyası baxımından çox oxşardır.

"Konfransın məqsədlərindən biri də atılan addımları mümkün qədər sinxronlaşdırmaq, toplanmış təcrübəni mübadilə etmək idi. İstər Azərbaycanda, istərsə də İsraildə "böyük data" deyilən iri həcmdə məlumatlar toplanıb ki, biz bunun əsasında həm də məlumatları birgə təhlil edə biləcəyik. Biz, həmçinin COVID-19 peyvəndlərinin müxtəlif əhali qruplarına təsirini öyrənmək üçün birgə işləyə bilərik. İsrail və Azərbaycanın elmi ictimaiyyətləri arasında daha irimiqyaslı əməkdaşlıq baxımından biz texnologiya transferi, kibertəhlükəsizlik, fərdiləşdirilmiş səhiyyə, kvant fizikası və digər sahələrdə əlaqələrin gücləndirilməsini istərdik. Biz fəxr edirik ki, İsraillə Azərbaycan arasında münasibətlər daha da güclənir. Ölkələrimiz arasında birgə platformaların yaradılmasından çox məmnunuq. Onlardan biri də Lev Spivakın rəhbərlik etdiyi "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasıdır. Onun dəstəyi sayəsində biz Azərbaycanı, burada yaşayan və işləyən insanları daha yaxından tanıdıq. 30 ildir ki, Azərbaycanla İsrail arasında çox yaxşı münasibətlər qurulub. Təkcə aprel ayında İsrailin maliyyə naziri Aviqdor Liberman və turizm naziri Yoel Razvozov Azərbaycana səfər ediblər. Bu, ölkələr arasında münasibətlərin daha da gücləndiyini göstərir. Azərbaycana səfərimin məqsədlərindən biri də elmi sahədə əməkdaşlığı necə gücləndirə biləcəyimizi görməkdir. Akademik və elmi sahələrdə, tibb və fundamental elmlər sahələrində əməkdaşlığı gücləndirmək istərdim. Ölkələrimizin bir-birindən öyrənə biləcəyi çox şey var", - professor deyib.

Onun sözlərinə görə, konfransda, həmçinin COVID-19-a qarşı vaksinlərin təsiri də müzakirə olunub.

"Bəşəriyyət tarixində ilk dəfə olaraq bu qədər sayda əhali peyvənd olunub. Bundan başqa, ilk dəfə olaraq biz yeni nəsil vaksinlərdən istifadə etdik. Dünyada bu peyvəndlərin insanlara necə təsir etdiyi barədə hələ kifayət qədər məlumat yığılmayıb. Bir neçə il əvvəl biz yeni nəsil vaksinlərin ola biləcəyindən, belə qısa müddət ərzində ənənəvi peyvəndlərdən fərqli konsepsiya ilə peyvəndlər hazırlayıb sintez edə biləcəyimizi düşünə bilməzdik. Artıq müxtəlif klinik sınaqlar aparılır. Əsas diqqət insanlar üçün ən az riski olan peyvəndlərin istifadəsinə verilməlidir. Pandemiya bizə çox şey öyrətdi. Artıq dünya həm tibb sahəsində, həm də elmi sahədə dəyişib, ümumiyyətlə, insanlar arasında, ölkələr arasında münasibətlər dəyişib. Mən həqiqətən ümid edirəm ki, gələcəyin səhiyyəsi ölkələr arasında daha çox sinxronlaşdırılacaq, daha təhlükəsiz olacaq. Biz fərdiləşdirilmiş səhiyyə və daha təhlükəsiz peyvəndlərin istifadəsi dövrünə gedirik, bunların, insanlara uyğunlaşdırılması, fərdiləşdirilməsi çox vacibdir", - o qeyd edib.

A.Pinhasov vurğulayıb ki, dünya hətta bir neçə ay əvvəllə müqayisədə xeyli irəliləyib.

"Konfransın artıq üzbəüz rejimdə keçirilməsinin özü onu göstərir ki, biz pandemiya ilə necə mübarizə aparacağımızı artıq öyrənmişik. Təbii ki, insanların koronavirusun yeni ştamlarına yoluxması daha yüngül olduğundan, dünyadakı vəziyyət yaxşılaşıb", - deyə o, bildirib.