Bayden “fəlakət silahı”nı işə saldı: “Putinsiz Rusiya” və ya “Rusiyasız dünya” arasında seçim...


Dünya 12 May 2022 13:36:00 238 0

Bayden “fəlakət silahı”nı işə saldı: “Putinsiz Rusiya” və ya “Rusiyasız dünya” arasında seçim...

ABŞ Ukraynanın uzun müddət müharibə aparmaq qabiliyyətini qorumaq niyyətində tamamilə ciddi olduğundan Kremlin atacağı cavab addımları Rusiyanın gələcək taleyini müəyyən edə bilər; Qərb prezident Vladimir Putinin liderlik etdiyi Rusiyanı istəmir, əgər, o, hakimiyyətdə qalmaqda davam edərsə, bu nəhəng dövlətin tamamilə çökdürülməsinə cəhd göstəriləcək...  

Son.az yeni müsavat-a istinadən xəbər verir ki, Rusiyaya qarşı beynəlxalq təzyiqlər intensiv şəkildə güclənməkdə davam edir. Kremlin dünyadan təcrid edilməsi istiqamətində də qətiyyətli addımlar atılır. Və bu, Rusiyanın gələcək taleyi ilə bağlı optimist ehtimalları birmənalı şəkildə əhəmiyyətdən salır.

Hazırda Rusiya Ukraynada müxtəlif hərbi cinayətkarların törədilməsində suçlanır. İttihamların sırasında mülki şəxslərə qarşı soyqırımla eyniləşdiriləcək qədər dəhşətli kütləvi qətliamlar barədə iddialar da yer alır. Litva parlamenti son toplantısında Rusiyanın terrorçu dövlət elan edilməsi barədə qərar da qəbul edib.

Təbii ki, bütün bunlar Rusiyanın gələcək perspektivləri baxımından olduqca ciddi təhlükələr də vəd edir. Belə ki, Ukrayna savaşından sonra Rusiyanın və onun hərbi-siyasi rəhbərliyinə daxil olan bir sıra şəklində şəxslərin beynəlxalq məhkəmə qarşısında mühakimə olunması ehtimalı qətiyyən istisna deyil. Hər halda, gələcəkdə Rusiyaya qarşı belə bir məhkəmə prosesinin qurulmasında maraqlı olan beynəlxalq siyasi iradə mərkəzləri mövcuddur. Və həmin siyasi iradə mərkəzləri elə indidən hərbi cinayətlərin sübutuna imkan verə biləcək faktların toplanmasına başlayıblar.

Bəzi ehtimallara görə, Rusiya yaxın gələcəkdə dünyadan tamamilə təcrid olunmuş, hərbi-siyasi iradəsi öz sərhədləri içərisinə qapadılmış bir dövlətə çevrilə bilər. Hesab olunur ki, bunun baş verməsinin mümkün olması üçün Rusiyanın nüvə silahından məhrum edilməsi də vacib şərtlərdəndir. Yalnız nüvə silahından məhrum edilmiş Rusiyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü sırasından xaric edilməsi mümkün ola bilər. Və bu halda, Rusiyanın beynəlxalq məhkəmə qarşısında mühakimə olunması da reallaşar.

Təbii ki, bütün bunlara qədər Rusiyanın Ukrayna savaşında birmənalı şəkildə məğlub ölkə durumuna düşməsi də vacibdir. Çünki, Ukrayna savaşından qalıb çıxacağı təqdirdə, heç bir beynəlxalq güc Rusiyanı beynəlxalq məhkəmə qarşısına çəkə bilməz. Əksinə, qalib Rusiya özü ABŞ və Qərbə meydan oxumaq, beynəlxalq məkanda şərtləri diqtə etmək, son nəticədə isə düşmənlərini mühakimə etmək şansı qazanmış olacaq.

Şübhəsiz ki, ABŞ və Qərb belə bir təhlükənin baş vermə ehtimalını qətiyyən istisna etmir. Üstəlik, Rusiyanın davranışları və planları barədə mövcud olan yeni məlumatlar da ABŞ və Qərbi narahat edə biləcək məzmun daşıyır. ABŞ kəşfiyyatı Kremlin Ukraynadan sonra bəzi digər qonşu MDB ölkələrinə də hərbi müdaxilə planları qurduğunu iddia edir. Hətta Rusiyanın Moldova ərazisində hərbi əməliyyatlara başlamasının Ukrayna savaşına paralellik təşkil edə biləcəyini də vurğulayır. Və Rusiyanın bu hərbi əməliyyatlarının gələcəkdə Avropa qitəsinə, NATO ölkələrinin ərazilərinə sıçramayacağına da heç bir təminat yoxdur.

Göründüyü kimi, ABŞ və Qərb hazırda Ukraynaya hərbi yardım göstərməklə, əslində, həm də Rusiya aqressiyasının cilovlanmasına cəhd göstərir. Avropa Birliyinin təhlükəsizlik məsələləri üzrə təmsilçisi Jozep Borrel hesab edir ki, Ukraynanın dəstəklənməsi beynəlxalq hüquq sisteminin müdafiə olunması məqsədi daşıyır. Ona görə də, Avropa Birliyinin Ukraynanı müdafiə etməsini bu qurumun Rusiya ilə mübarizə aparması kimi anlamaq tamamilə yanlışdır: "Biz Rusiyanı və Putini zəiflətmək istəyirik. Əks halda, dünyada cəngəllik qanunları qalib gələcək".

Ancaq ABŞ prezidenti Co Bayden əmindir ki, Rusiya dünyada "cəngəllik qanunları"nın hegemonluğunu qurmaq şanslarını sürətlə itirir. Ağ Ev sahibi hesab edir ki, prezident Vladimir Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi sayəsində NATO-nu və Avropa Birliyini parçalaya biləcəyini düşünməklə, böyük səhv edib: "Əksinə, ABŞ və müttəfiqləri birləşərək, Ukraynaya köməyə gəldilər və onun bütün planlarını pozdular. V.Putinin Rusiyanı artıq Ukrayna ilə müharibədən çıxartmaq imkanları yoxdur".

Təbii ki, prezident Co Baydenin "Rusiyanın Ukrayna savaşından çıxmaq imkanları" barədə dedikləri əslində, ikibaşlı anlam daşıyır. Birinci məna odur ki, Rusiya Ukraynada "savaş bataqlığı"na salınıb və oradan hələ uzun müddət çıxa bilməyəcək. Digər mənaya gəldikdəsə, böyük ehtimalla Ağ Ev sahibi Rusiyanın Ukrayna savaşından qalib çıxa bilməyəcəyini demək istəyir.