Rusiyanın xilas yolu yalnız “İstanbul masası”dır


Dünya 12 May 2022 13:12:00 141 0

Rusiyanın xilas yolu yalnız “İstanbul masası”dır

Müharibədən əvvəl Rusiya kəşfiyyat orqanlarının hazırladıqları hesabatlara əsasən, rəsmi Moskva bu ölkəni ildırımsürətli hücumla ələ keçirməli idi. Fəqət baş verən hadisələr, eyni zamanda Qərbin Ukraynaya dəstəyi ilə müharibə həm uzandı, həm də Rusiyanın əleyhinə çevrilməyə başladı.

Son.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QafqazSAM) rəhbəri, professor Həsən Oqtay deyib.

Professorun sözlərinə görə, Ukrayna torpaqlarını geri almamış müharibəni dayandırmayacaq:

"Vladimir Putin 9 Mayda paradında çıxışı zamanı Ukrayna məsələsi barədə danışarkən, Qərbin Rusiyanı bölmək niyyətində olduğu haqda fikirlər səsləndirdi. Putinin niyyəti Ukraynada qismən də olsa, qələbə qazanmaqdır. Ukrayna isə torpaqları işğaldan azad olunmayanadək müharibəni dayandırmayacaq.

Qərb və NATO Ukraynaya dəstək verərək, vəkalət müharibəsi aparır. Qərb müharibəyə həm hərbi texnika, silah və sursatla yardım edir, eyni zamanda müxtəlif ölkələrdən olan döyüşçülər oradadır. Bunun da davamı kimi 10 mayda Co Bayden Ukrayna üçün "Lend-liz" qanununu imzaladı, eyni zamanda ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə başçısının Ukrayna üçün tələb etdiyi 33 milyard dollarlıq yardım paketini 40 milyard dollara qədər artıraraq təsdiq etdi. Əlbəttə ki, müharibədə Qərb Rusiyaya qarşı birbaşa cəbhə açmadığı üçün rəsmi Moskva onu günahlandırmaqdan başqa heç nə edə bilmir".

Həsən Oqtay rus generaliletinin yanlış seçim etdiklərini də vurğulayıb:

"Qərb prosesi hazırki formada inkişaf etdirərək, Rusiyanı diz üstə çökdürmək məqsədi güdür. Görünən odur ki, müharibə hələ çox uzanacaq. Rusiya hərbi bürokratiyasının İstanbul sülh masasının Moskvanın əleyhinə olacağını düşünərək müharibəyə davam etməyə çalışması yanlış idi. Hazırda üzləşdikləri mənzərə əslində sözügedən masanın Vladimir Putin üçün yeganə xilasedici halqa olduğunu göstərir. Əgər Rusiya İstanbulda müzakirə masasına oturmasa, Qərb onu təkcə Ukraynadan tamamilə vurub çıxarmaqla kifayətlənməyəcək".