"Dünyada aclıq geniş vüsət ala bilər”


Digərləri 11 May 2022 18:56:00 183 0

"Dünyada aclıq geniş vüsət ala bilər”

BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynada davam edən müharibə ilə əlaqədar qida çatışmazlığı səbəbindən dünyanın müxtəlif yerlərində aclığın geniş vüsət alacağından dərin narahatlıq keçirdiyini deyib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Baş katib Quterreş Avstriya kansleri Karl Nehammer və xarici işlər naziri Aleksandr Şallenberq ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Qeyd etməliyəm ki, Ukraynadakı müharibə səbəbindən üzləşdiyimiz dramatik ərzaq təhlükəsizliyi vəziyyətinə görə aclığın dünyanın müxtəlif yerlərində geniş vüsət alması riskləri məni çox narahat edir", - Antonio Quterreş vurğulayıb.

BMT Baş katibi aprel ayında Rusiya Prezidenti Vladmir Putinlə görüş üçün Moskvaya etdiyi səfər barədə də danışıb. O qeyd edib ki, bu, doğru qərar idi: "Rusiya Federasiyasının lideri ilə danışmaq tam məntiqli idi. Hazırkı böhranda hər hansı digər müvafiq aktorlarla danışmaq məntiqlidir".

Quterreş diqqətə çatdırıb ki, Putinlə görüş konkret nəticələr verib və Ukraynanın Mariupol şəhərində mühasirədə qalan mülki əhalinin təxliyəsi ilə nəticələnib: "Düşünürəm ki, Mariupolun bunkerlərində olan mülki şəxslərin təxliyəsi nəticəsində xilas olunan həyatlar üçün dünyanın istənilən yerində hər kəslə görüşməyə dəyər".