Ruslar Dubayda daşınmaz əmlak alır.


Dünya 11 May 2022 14:06:00 119 0

Ruslar Dubayda daşınmaz əmlak alır.

Dubayda daşınmaz əmlak bazarının analiziylə məşğul olan şirkətlərin məlumatlarına görə, bu ilin birinci rübündə rusiyalı alıcıların payı 67 faiz artıb. Bildirilir ki, səbəb Qərb sanksiyalarının varlı rusiyalıları bir çox başqa ölkələrdə biznes qurmaq imkanından məhrum etməsidir. "Betterhomes" rieltor şirkətinin məlumatına görə, Dubay bazarının ən fəal investorları reytinqində Rusiya yalnız dörd ölkədən - Britaniya, Hindistan, İtaliya və Kanadadan geri qalaraq 7-ci yerdən 5-ci yerə yüksəlib.

Son.az BBC Azərbaycan-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, tezliklə Rusiya daha da irəliləyə və bəlkə də siyahıya başçılıq edə bilər. Bu, sonuncu sanksiyaların nəticələri hiss olunanda baş verəcək. Dubaydakı mənbələr bildirirlər ki, bu yaxınlarda ev almış rusiyalılar arasında bir sıra tanınmış şəxslər, o cümlədən, iş adamı Roman Abramoviç də var. Xarici müəssisələrin Dubayda məskunlaşmasına kömək edən "Virtuzone" şirkətinin məlumatına görə, Ukraynada müharibə başlayandan sonra rusiyalıların bu quruma müraciətlərinin sayı 5 dəfə artıb. "Onlar qarşıdakı iqtisadi böhrandan qorxurlar və sərvətlərini xilas etmək üçün bura köçürlər", - şirkətin baş direktoru George Hojeige belə deyir.

Barterə qoyulan lüks evlər

"Betterhomes" şirkətinin baş direktoru Ryan Mahoneynin sözlərinə görə, Rusiyadan olan müştərilər Dubayın ən prestijli ərazilərində - əsasən Fars körfəzinə baxan dəbdəbəli yaşayış komplekslərində ev almağa üstünlük verirlər. Brokerlərin hesablamalarına görə, rusiyalılar 2022-ci ilin ilk üç ayında Dubayda təxminən 12 milyard dollar xərcləyiblər. Bu müddət ərzində bir ev üçün 76,2 milyon dollar məbləğində rekord sövdələşmə qeydə alınıb. Müqayisə üçün deyək ki, Rusiya vətəndaşlarının Londonda aldıqları ən bahalı mülklərdən biri 34 milyon funt-sterlinq (42 milyon dollardan çox) dəyərində olub. Rusiyalıların Britaniyadakı digər mülkləri kimi, prestijli Knightsbridge (Naytsbric) bölgəsindəki bu ev də sahibi tərəfindən dəyişdirilməyə təklif edilir. Dubay brokerlərinin dediyinə görə, fərdi sanksiyalar və ya bank əməliyyatlarına qoyulmuş məhdudiyyətlər ucbatından xaricdəki əmlaklarını satmaq problemiylə üzləşmiş bir çox varlı rusiyalı üçüncü ölkələrin daşınmaz əmlak agentliklərinə barter sövdələşmələri təklif edirlər - məsələn, Londondakı evi Dubaydakı evlə dəyişdirmək istəyirlər. Londonda mənzil almaqda maraqlı olan BƏƏ sakinləri bu sxemi aktiv şəkildə nəzərdən keçirirlər, amma hələ qeyri-müəyyən olan bu yenilik çoxlarını qorxudur.

"Mən bu varianta çox şübhə ilə yanaşıram, belə bir sxemin işlək olacağına əmin deyiləm, Londonda həddindən çox sənəd təqdim etmək lazım gələcək. Amma bu, maliyyə sistemindən yan keçmək üçün onların [rusların] nələrə hazır olduğunu göstərir", - mübadilə təklifi ilə tanış olan, adının açıqlanmasını istəməyən dubaylı iş adamı "Financial Times" qəzetinə belə deyib. Hüquqşünasların sözlərinə görə, belə barter yalnız o halda mümkün ola bilər ki, rusiyalı mülk sahibinə sanksiya tətbiq edilməmiş olsun. Rieltorlar ilin əvvəlindən nağd pul əməliyyatlarının həcmində də kəskin artım olduğunu qeyd edirlər. Rusiya Mərkəzi Bankının ölkədən 10 min dollardan artıq pul çıxarılmasıyla bağlı qadağasına nəzərən demək olar ki, Dubayda ev alan rusiyalıların kapitalı heç də Rusiyada deyil.

Neytral Dubay