Psixiatriya Xəstəxanasında palata yoldaşını öldürdü Məsuliyyətdən azad edildi


Kriminal 10 May 2022 17:06:00 156 0

Psixiatriya Xəstəxanasında palata yoldaşını öldürdü  Məsuliyyətdən azad edildi

Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında 5 ay öncə baş vermiş cinayətlə bağlı məhkəmə araşdırması yekunlaşıb.

Son.az kriminalqafqaz"a istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və ötən həftə hökm çıxarılıb. Belə ki, 2021-ci il dekabrın 3-də paranoid şizofreniyadan əziyyət çəkən iki xəstə - Emil İbadov və Elvin Həsənov palatada dalaşıblar. Onların mübahisəsi yorğana görə olub. Emil Elvindən yorğanını istəyib. Elvin buna etiraz etdiyindən Emil onu döyməyə başlayıb. Ağır xəsarətlər alan Elvin Həsənov 13 gün sonra Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Məhkəmə Emil İbadovu Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə mühakimə edib. Psixiatrik Ekspertiza Mərkəzi rəy verib ki, Emil İbadov hadisəni anlaqsız vəziyyətdə törədib. 41 yaşlı Emil İbadov cinayəti anlaqsız vəziyyətdə törətdiyindən məhkəmə onu məsuliyyətdən azad edib. Hökmə əsasən, E.İbadov barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə tətbiq edilib.

Elvin Həsənovun anası məhkəmədə bildirib ki, oğlu 17-18 yaşlarından qeyri-adekvat hərəkətlər etməyə başlayıb və mütəmadi olaraq ona iynə vurulub: "Həyat yoldaşım vəfat edəndən sonra Elvin daha da aqresivləşdi. Evdəki əşyaları qırmağa başladı. Onu Maştağadakı Psixiatriya Xəstəxanasına yerləşdirdik. Bir müddətdir orada müalicə alırdı. Elvinin döyülməsi xəbərini mənə səhəri günü dedilər. Eşitdim ki, Elvinə eyni palatada müalicə alan digər xəstə ona xəsarət yetirib. Mən xəstəxanaya gedəndə Elvin komada idi, elə orada da vəfat etdi".

Anası deyir ki, Elvin əşyaları sındırar, qışqırar, əsəbiləşər, lakin heç kimi vurmazmış. Həsənovun müalicə müddətində də kiminləsə münaqişə yaşaması barədə ona məlumat verilməyib.

"Oğlumu aqressiv xəstə ilə bir palatada saxlayıblar və onlara nəzarət olunmadığından bu hadisə baş verib. Xəstəxana işçiləri səhlənkarlığa görə cəzalandırılmalıdır", - vəfat edən Elvinin anası belə düşünür.