"Xarici səfərlər zamanı bizə həmişə deyirdilər: "Siz çox xoşbəxtsiniz ki, sizin ölkənin lideri Heydər Əliyevdir!"


Kriminal 10 May 2022 17:24:00 133 0

"Xarici səfərlər zamanı bizə həmişə deyirdilər: "Siz çox xoşbəxtsiniz ki, sizin ölkənin lideri Heydər Əliyevdir!"

Ulu öndər Heydər Əliyev hər zaman bizim qədim muğam sənətimizə xüsusi qayğı ilə yanaşıb. O, muğamın təkcə musiqisinə deyil, həm də sözlərinə böyük əhəmiyyət verirdi.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Konservatoriyasının professoru, "Şərəf" və "Şöhrət" ordenləri laureatı, xalq artisti Mənsum İbrahimov deyib.

"Mən özümü dəfələrlə ulu öndər Heydər Əliyevlə görüşmüş, onunla ünsiyyətdə olmuş, qarşısında çıxış etmiş və ümummilli liderin baş çəkdiyi konsert proqramlarında, dövlət tədbirlərində çıxış etmiş yaradıcı mühitdən olan xoşbəxt insan hesab edirəm. Məhz Heydər Əliyev mənə 1998-ci ildə Fəxri Əməkdar artist adını verib, 2002-ci ildə Prezident mükafatı ilə mükafatlandırıb. Birinci dəfə böyük lider Heydər Əliyevin qarşısında çıxış etmək şərəfinə dahi şair və filosof Füzulinin 500 illiyinin qeyd olunması çərçivəsində tədbirdə nail olmuşam. Məlum olduğu kimi, Heydər Əliyev həmişə teatr nümayişlərindən sonra səhnə arxasına gəlməyi və xoş mühitdə mədəniyyət xadimləri ilə söhbət etməyi, problemlərlə maraqlanmağı, məsləhətlər verməyi xoşlayırdı. Onun görkəmli bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında ifa etdiyim əsas partiyanı yüksək qiymətləndirdiyini böyük hörmətlə xatırlayıram. Yadımdadır ki, o, bir dəfə bizə İrandan Bakıya uçan təyyarəsinə dəvət etdi və uçuş zamanı ulu öndərlə maraqlı söhbətlər oldu, mədəniyyətimizin inkişafı və çiçəklənməsi, milli irsin qorunması və təbliği ilə bağlı məsləhətlər səsləndirildi", - M.İbrahimov deyib.

Onun sözlərinə görə, muğam sənətinə bu cür münasibətin davamçısı Heydər Əliyev Fondudur.

"Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uzun illər ərzində muğam sənətinin qorunması və inkişafı, dünyada təbliğ olunması üçün səylər göstərir. Təsadüfi deyil ki, 2008-ci ildə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsəri elan edib. Heydər Əliyev Fondunun dəstəyi ilə çoxlu layihələr reallaşdırılıb, albomlar buraxılıb, yaradıcılıq gecələri keçirilib, ölkədə və xaricdə konsert proqramları təşkil edilib. Bu cür vacib layihələrdən biri də 2005-ci ildən keçirilən və sənətimizə onlarla gənc ifaçı və musiqiçi bəxş etmiş muğam televiziya müsabiqəsidir. Onların arasında artıq aparıcı opera və balet, televiziya və radio, muğam mərkəzi solistləri, fəxri adlar alanlar var. Bu müsabiqənin münsifi olaraq qürurla bildirirəm ki, mayın 10-da, ümummilli lider Heydər Əliyevin ad günündə səkkizinci televiziya muğam müsabiqəsi başlayır", - deyə o bildirib.