İranın mövqeyini Azərbaycanla gücləndirmək PLANI


Siyasət 26 Yan 2022 18:14:00 95 0

İranın mövqeyini Azərbaycanla gücləndirmək PLANI

"İranla Azərbaycan arasında bir neçə ay öncə münasibətlər gəriləndə deyirdik ki, bu gərginlik müvəqqəti xarakter daşıya bilər. O gərginlik əslində süni gərginlik idi, İrandan Azərbaycana qarşı səsləndirilən ittihamların heç birinin əsasları yox idi".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, İran görür ki, Azərbaycanla gərginliyin yaşanması İranın xeyirinə ola bilməz:

"Vaxt da onu göstərdi ki, bu, doğrudan da heç bir əsası olmayan iddialardır və eyni zamanda üçüncü tərəfin, yəni Ermənistanın fətvası ilə baş verən hadisələr idi. Təəssüf olsun ki, həmin vaxt İranın bəzi əyalət mollaları, din xadimləri təxribatyönlü açıqlamalar səsləndirirdilər, eyni zamanda Ermənistanın provakasiya xarakterli addımlarını dəstəklədilər. Həmin vaxt İran mollalarının səsləndirdikləri fikirlər eynilə Ermənistan tərəfindən Azərbaycana qarşı səsləndirilən ittihamlarla üst-üstə düşürdü. Əfsuslar olsun ki, bu, acınacaqlı, xoşagəlməz gərginlik baş verdi. Amma həyat göstərir ki, İranın Azərbaycanla münasibətlərinin normal şəkildə qurulmasının alternativi yoxdur. 

İndi iki ölkə arasında hər şey yoluna düşür. Çünki İran görür ki, Azərbaycan regionda əsas aparıcı qüvvələrdən biridir və Azərbaycanla gərginliyin yaşanması heç də İranın xeyirinə ola bilməz. Digər tərəfdən də hadisələr göstərir ki, Azərbaycan çox sürətlə Qarabağı dirçəldir, burada yeni nəqliyyat infrastrukturu qurulur. Bu infrastruktur təkcə Azərbaycan üçün yox, region üçün əhəmiyyətlidir. İndi bu infrastrukturdan kənar qalmaq, ondan yararlanmamaq nə dərəcədə İranın maraqlarına cavab verir?! İran elə etməklə nə udacaqdı?

Yəqin ki, bu sual təkcə bizdə yox, eyni zamanda İranın din və siyasət xadimlərində də yaranıb. Görünür, düşünüblər ki, Azərbaycanla aralarındakı bu gərginlik davam etdirilsə, onda onlar ümumiyyətlə oyundankənar vəziyyətdə qalırlar. Belə davam edəcəkləri təqdirdə digər ölkələr həm "3+3" platforması, həm Qarabağda gedən tikinti, bərpa-quruculuq proseslərindən çox fəal şəkildə iştirak edəcəkdilər, İran kənar qala bilərdi. Bu, yəqin ki, vaxt itkisi, öz mənafelərini düzgün hesablamamalarından irəli gəlirdi. Götürək Türkiyəni, çox fəal olaraq regional proseslərə qoşulub, hətta artıq Ermənistanla da danışıqlar aparırlar ki, yaxın vaxtlarda sərhədlər açılsın, kommunikasiyalar işləsin. Rusiyanın da bəzi şirkətləri fəal sürətdə həm Qarabağın dirçəlməsində iştirak edir, eyni zamanda Ermənistan tərəfində Zəngəzur dəhlizi ilə əlaqədar dəmiryolu tikintisində də Rusiya şirkətləri iştirak edəcəklər. Yaxşı, İran bəs nə qazanar bu işlərdən?!

Ona görə də, İran tərəfi başa düşdü və fikirlərini dəyişdi. Çünki özündə heç bir resursu olmayan, heç nə təklif etməyən, regionda zəif bənd kimi çıxış edən Ermənistana istinad etmək, bel bağlamaq heç də İrana xeyir gətirə bilməz. İndi İran tərəfi proqmatik addım atmağa məcbur olub. Hazırda İran şimalında (Cənubi Azərbaycan) yol infrastrukturu qurulur. Bu yol infrastrukturu Azərbaycanın yeni yol infrastrukturu (Zəngəzur dəhlizi) ilə birləşsə, İran bundan yararlana, böyük fayda götürə bilər. Bununla eyni zamanda İran həm də öz nəqliyyat yol infrastrukturunun əhəmiyyətini artırmış olar. 

Bütün bu proseslərdən sonra İranın Azərbaycan ilə hərbi sahədə əməkdaşlığa maraq göstərməsi gözlənilən idi. İranın istəyi artıq bəllidir. Gördülər ki, Azərbaycan heç bir təzyiq qarşısında geri çəkilməyəcək, bu təzyiqlərin də heç bir əhəmiyyəti yoxdur və İranın mövqeyini daha da zəiflədir. İran Azərbaycana hərbi tərəgfdaşlıq təklifləri edir. Biz heç vaxt tərəfdaşlıqlardan imtina edən dövlət olmamışıq. Bir halda ki, bu tərəfdaşlıq iki ölkənin qarşılıqlı maraqları əsasında qurulmalıdır. Qarşılıqlı maraqlar da ondan ibarətdir ki, bəli, biz regionu sülh və təhlükəsizlik şəraitində görmək istəyirik, hüdudlarımızın möhkəmləndirilməsində Azərbaycanla İranın sərhəd qoşunlarının əməkdaşlığı böyük önəm kəsb edir. Çünki təəssüflər olsun ki, ara-sıra görürük ki, İran tərəfindən Azərbaycana narkotik vasitələr, digər qaçaqmalçılıq cəhdləri olur. Bu məsələlərə əngəl olmaq üçün də əlbəttə ki, birgə əməkdaşlıq əhəmiyyətlidir. Bundan əlavə Xəzər dənizinin akvatoriyasında təhlükəsizliyin qorunması da vacib amildir. Xəzərin təhlükəsizliyində İranın da, Azərbaycanın da payı çoxdur". 

Təhməz Əsədov Son.az