"Bizi təbiət yaratmışdır" deyənlərə cavab


Digərləri 22 Yan 2022 23:10:00 132 0

"Bizi təbiət yaratmışdır" deyənlərə cavab

Müasir dövrdə insanlar arasında kainatın təbiət tərəfindən yaradılması düşüncəsi geniş vüsət almış və hətta məşhur alimlər tərəfindən dəstəklənmişdir. İnsanların əksəriyyəti bununla hər şeyin yaranmasını izah etmək istəyir və belə deyirlər: "Bizi təbiət yaratmışdır." Biz onlardan soruşmaq istəyirik: "Siz təbiət dedikdə nəyi nəzərdə tutursunuz? Bunu dedikdə hər bir şeyin təbiətini, yoxsa kainatın tabe olduğu qanunları nəzərdə tutursunuz? Yaxud siz kainatı yaradan gözəgörünməz bir gücü nəzərdə tutursunuz? Əgər onlar desələr ki, təbiət kainatın elə özüdür, onda onların sözlərini təkzib etməyə heç bir lüzüm yoxdur, çünki onların sözlərinin yanlış olması açıq-aşkardır. Ona görə ki, heç bir şey öz-özünə yarana bilməz. Onlar hesab edir ki, kainat öz-özünə yaranmışdır: göy özü göyü yaratmış, yer də özü yeri yaratmışdır, sonra kainat insanı və bütün canlıları yaratmışdır. İnsan şüuru hər hansı bir şeyin öz-özünə yaranmasını qəbul edə bilmir. Məsələyə aydınlıq gətirmək üçün deyə bilərik ki, heç bir şey özündən daha mükəmməl bir şeyi yarada bilməz. Belə ki, təbiət, yəni yer, göy, ulduzlar, günəş və ay eşitmə və görmə qabiliyyətinə və şüura sahib deyil. Məgər o, eşitmə və görmə qabiliyyəti və şüuru olan insanı yaratmağa qadir ola bilər? Bu, mümkün deyildir!