Güzəşt bitdi, keyfiyyət yüksələcək? –


Digərləri 22 Yan 2022 22:43:00 229 0

Güzəşt bitdi, keyfiyyət yüksələcək? –

Ölkəmizdə 1 yanvar 2021-ci il tarixindən "Tibbi sığorta haqqında" Qanuna əsasən, icbari tibbi sığorta haqları toplanılır. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq əməkhaqqının 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilmişdi. Belə ki, 2021-ci il ərzində əməkhaqqının 8000 manata qədər olan hissəsindən bir, yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulurdu. Həmin müddət artıq bitib. 2022-ci ildən etibarən isə qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərə tətbiq olunmuş güzəşt müddəti bitdiyindən, aylıq əməkhaqqının 8000 manata qədər olan hissəsindən iki faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Yəni icbari sığorta üçün etdiyimiz aylıq ödənişlərin məbləği artıb. Bəs aldığımız xidmətin keyfiyyəti necə, artacaqmı?

Bu barədə "Kaspi" qəzetinin hazırladığı məqalədə qeyd olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentindən bildirildi ki, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısına 2021-ci ildə 2550 sayda tibbi xidmət daxil idi: "Sığortaolunan tibbi göstərişi olan hallarda xidmətlər zərfindəki xidmətlərdən ödənişsiz istifadə edə bilər. 2021-ci ilin yanvar-noyabr ayları ərzində ölkə üzrə 3 781 748 şəxs tibb müəssisələrinə müraciət edib. 9 266 053 müraciət üzrə 20 489 085 tibbi xidmət göstərilib".

Agentliyin məlumatına görə, xidmətlər zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayı və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin İcbari Tibbi Sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur: "Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər daxildir".

Deputat Müşfiq Məmmədli deyir ki, icbari tibbi sığorta tətbiq edildiyi vaxt bir sıra çətinliklər olduğu üçün əhaliyə güzəşt edilmişdi: "İlk vaxtlar qanunvericiliyə icbari tibbi sığorta haqqının bir faiz olması haqqında müddəa əlavə olunmuşdu. Həm pandemiya dövrü, həm də ilkin tətbiq zamanı bəzi problemlərin olması nəzərə alınırdı. Ona görə də, bir il müddətinə iki faizli tutulmalar təxirə salınmışdı. Yanvarın 1-dən bu prosesin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi həyata keçiriləcək".