Rusiya Qarabağda yeni "sürpriz" hazırlayır


Siyasət 21 Yan 2022 15:32:00 177 0

Rusiya Qarabağda yeni "sürpriz" hazırlayır

"Artıq son zamanlar Rusiyanın Qazaxıstandakı hadisələrdən sonra ABŞ-la aralarındakı münasibətlərinin daha da gərginləşməsi, xüsusən də Rusiyanın yenidən hərbi kontingentinin yenidən Kubaya qayıtması ilə, - bildiyiniz kimi sovetlər dönəmində Kubada Rusiya hərbi bazaları var idi, Rusiya demək olar ki, dünya siyasətində tənbehə məruz qalır".

Bunu Son.az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünast Telman Qasımov deyib.

O bildirib ki, Rusiya regionda gərginliyə maraqlıdır:

"Təzyiqlərin, xüsusən də Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin də qarşısını almaq üçün Rusiya növbəti gedişini edir. Təbii ki, Rusiya istəyir ki, Qarabağda delimitasiya və demarkasiya rıçaqlarından istifadə etsin, Qarabağ məsələsində təzyiqlərini artıra bilsin. Bəllidir ki, indi Rusiya Ermənistandakı erməniləri yüksək səviyyədə, sərfəli şərtlərdə yaşamaq üçün yenidən Qarabağın səlahiyyət zonalarındakı ərazilərinə qaytarmağa çalışır. Onların şəraitinin daha da yaxşılaşdırılması üçün canfəşanlıq edir. Qarabağa köçüb gələn ermənilərin sayını artırmağa çalışır. Bu baxımından delimitasiya, demarkasiya məsələsindən də istifadə edərək, başlayıb özünü göstərməyə çalışır ki, güya Rusiya həqiqətən də sərhədlərin müəyyənləşdirilməsi prosesinin tez bir zamanda hər iki tərəfdən sülhlə anlaşma nəticəsində başa çatmasında maraqlıdır. Amma bəllidir ki, delimitasiya və demarkasiya məsələsi bir günlük, bir aylıq, bir illik iş deyil. Dövlətlər var ki, 20, 30, 50 ildir ki, delimitasiya, demarkasiya məsələsini hələ də gətirib başa çatdıra bilməyiblər. 

Rusiya yenə də öz hiyləgər diplomatiyasından istifadə edir, görünür indi yenə də nələrsə, hansısa "sürprizlər" hazırlayır. Amma biz görürük ki, artıq hərbi gücünü, kontingentini keçmişdə mövcud olduğu ölkələrə yenidən qaytarmaq fikrində, arzusundadır. Bu məsələlərdə yenə də istəyir ki, şantajlar etsin, delimitasiya və demarkasiya işləri gedərkən neytral ərazidə, - hazırda sərhəddə vəziyyət heç də yaxşı deyil və heç kim də zəmanət verə bilmir ki, sərhədlərin müəyyənləşdirilməsi proseləri zamanı komissiya üzvlərini hansı təhlükə gözləyə bilər, - təhlükəsizliyi qorumaq adı ilə kontingent yerləşdirməyə çalışacaq.

Rusiyada XİN başçısı tam başqa söz deyir, onun sözçüsü M.Zaxarova tamamilə başqa bir açıqlama edir. Xüsusən də son zamanlar onların dedikləri heç üst-üstə düşmür. Misal üçün, Mariya Zaxarovanın İrəvanla Bakını yenidən Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə çağırışı, amma zaman var idi ki, Rusiya  Minsk Qrupunun həmsədrlərinin bu işlərdə artıq demək olar ki, fəaliyyətinə ehtiyac olmadığını deyirdi. Amma indi yenidən qayıtmaq istəyirlər Minsk Qrupunun həmsədrlərinin formatına. Unutmaq lazım deyil ki, Rusiya revanş götürüb. Çalışır ki, keçmiş post-Sovet ölkələrini yenidən özünə tabe etsin. Kadrlardan da görünür ki, böyük hərbi silah-sursat, raketlərini Ukrayna ilə sərhəddə daşıyır. Rəsmi Moskvanın iştahı getdikcə artır. 

Qazaxıstana KTMT bayrağı altında müdaxilə edəndən sonra "uğur"undan görünür daha da ruhlanıb. Sergey Lavrovun səmimiyyətinə inanmıram, düşünmürəm Rusiya istəyir ki, qısa bir zamanda delimitasiya və demarkasiya məsələləri öz həllini tapsın. Əgər baş tutarsa, delimitasiya problemi olmazsa, demək ki, Rusiya da, onun kontingenti də daha Qarabağda olmayacaq. Demək bölgədə, regionda gərginlik lazımdır ki, onlar orada mövcud olsunlar". 

Qeyd edək ki, Sergey Lavrov son açıqlamasında bildirib ki, "Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır. Bu prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq". 

Təhməz Əsədov Son.az