"Keçən il dünya bazarında ərzaq məhsullarında ən yüksək qiymət artımı müşahidə olunub”


Digərləri 21 Yan 2022 14:06:00 120 0

"Keçən il dünya bazarında ərzaq məhsullarında ən yüksək qiymət artımı müşahidə olunub”

"Son onilliklərə baxsaq, keçən il dünya bazarında ərzaq məhsullarında ən yüksək qiymət artımı müşahidə olunub".

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

V. Bayramov deyib ki, qlobal bazarlarda ərzaq məhsullarının qiyməti 38 faiz artıb: "Xüsusən təklifin azalması və tələbin artması fonunda növbəti illərdə də dünya ərzaq bazarında tələb və təklif arasında fərqin olacağı gözlənilir. Yəni bir tərəfdən tələb, istehlak artır, digər tərəfdən isə pandemiya səbəbindən təklifin azalması prosesi müşahidə olunub və bu proses davam edir. Təbii ki, bu da qiymətlərə təsir göstərir. Ona görə də növbəti dövrlərdə də dünya bazarında qiymətlərin artacağı gözləniləndir".

Deputat qeyd edib ki, Azərbaycan dünya bazarındakı qiymət artımlarının daxili istehlak bazarına, eləcə də ölkədə inflyasiya səviyyəsinə təsirini minimallaşdırmaq üçün sistemli tədbirlərin həyata keçirilməsi ilə bağlı xüsusi plan hazırlayacaq: ""Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı dünya bazarında qiymət artımlarının təsirlərini minimallaşdırmaq məqsədi daşıyır. Təbii ki, burada əsas məqsədlərdən biri yerli istehsal hesabına istehlakın əhəmiyyətli hissəsinin ödənilməsi, xüsusən də kənd təsərrüfatı məhsullarının yerli istehsalının genişləndirilməsi, xarici bazarlarda qiymət artımlarının təsirlərinin minimallaşdırılmasıdır. Bu istiqamətdə də fəaliyyətlər davam etdirilir. Bu aspektdə xüsusən işğaldan azad olunmuş ərazilərimizdəki torpaq fondunun yenidən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə imkanları da yerli istehsalın genişləndirilməsi üçün yeni potensialdır".