Rəsulullahın vəsfi


Digərləri 20 Yan 2022 20:40:00 141 0

Rəsulullahın vəsfi

Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun! - nə çox hündürboy, nə də bəstəboy - ortaboylu, enlikürək, başı və ağzı iri, yanaqları nə şiş, nə də batıq - üzündə bir qədər girdəlik olan bir adam idi. Onun üzü bədr gecəsindəki ay kimi parlayırdı. Qaragözlü, uzunkirpikli, qabaq dişləri gözəl, əlləri və ayaqları sərt, əzaları orta ölçülü, özü də cüssəli, özəl vücudu olan bir adam idi. Gözləri xilqətcə sürməli idi. Lakin buna rəğmən yatmazdan əvvəl gözlərinə tək sayda sürmə çəkərdi. Qözlərinin ağlığında qırmızılıq var idi. Saçları da nə tamamilə qıvrım, nə də dümdüz - azacıq dalğavarı idi. Onun saçları bəzən qulaqlarının yarısına, bəzən qulağının mərcəyinə, bəzən mərcəyindən aşağı, bəzən çiyninə yaxın, bəzən də çiyinlərinə çatırdı. Saçlarını tağ ayırar və səbəbsiz olaraq onları qırxmazdı. Daradıqda isə sağ tərəfdən başlayar və saçlarını tağ ayırardı. Saçlarını daramaq xüsusunda isə nə həddi aşar, nə də buna səhlənkar yanaşar - yəni nə dəqiqəbaşı saçını düzəldər, nə də onları baxımsız qoyar, əksinə, vaxtdan-vaxta onları darayaıb gözəl şəklə salardı. Üstəlik onları həmişə təmiz saxlayar və vaxtdan-vaxta başına yağ sürtərdi. Saqqalını da habelə. Onun saqqalı sıx idi. Onun saç-saqqalında iyirmiyə yaxın ağ tük var idi. Bu tüklərin bir neçəsi onun hər iki gicgahında, bir neçəsi alt dodaq şırımında, bir neçəsi də tağında idi. Libasını çıxaranda bədəni nur saçırdı. Sanki dərisinə gümüş örtük çəkilmişdir. Peyğəmbərlik möhürü onun kürəkləri arasında idi. Məfsəlləri böyük, bazuları uzun, əl pəncəsi də iri idi. Dabanları çox ətli deyildi. Qarnı sinəsi ilə bərabər idi. Sinəsinin tükü uzunsov idi. Sinəsində və qarnında bü tüklərdən başqa tük yox idi.

Geyimi Ən çox sevdiyi libas - baş və ayaqlar istisna olmaqla bədənin hər yerini örtən, iki qoldan və yaxalıqdan ibarət köynək idi və bu köynəyinin qolları biləklərinin oynağına çatırdı. Habelə hibərə (yəni pambıqdan və ya bəzəkli kətandan hazırlanan Yəmən bürüncəyini) geyməyi də xoşlayardı. Ələlxüsus da ağ rəngli libas geyməyi xoşlayardı. Hərdən yaşıl, hərdən qara, hərdən də rənginə başqa rəng qarışmış qırmızı rəngli libaslar geyərdi. İzarının ətəyi baldırının yarısına çatar və heç vaxt topuqdan aşağı düşməzdi. Ayaqlarına da səndəl, hərdən də məst geyərdi. Peyğəmbər üzüyü sağ əlinin barmağına taxardı. Onun üzüyü gümüşdən, qaşı da həbəş əqiqindən idi və üzərinə: "Muhəmmədun Rəsulullah" sözü həkk edilmişdi. Üzü aşılanmış dəridən, içi də xurma liflərindəni ibarət döşəyin üstündə yatardı. Peyğəmbər ətir vurmağı sevər və heç vaxt ətirdən imtina etməzdi.

Davranışı Yeridikdə ləngərlənirdi, vüqarla və iri addımlarla yeriyərdi, sanki hündür bir yerdən enirmiş kimi. Döndüyü zaman tam vücudu ilə dönərdi. Adətən başı aşağı olar və çox vaxt nəzərlərini göyə deyil, yerə yönəldərdi. Baxışları çox vaxt ötəri olardı. Başqaları kimi danışanda tələm-tələsik və qatma-qarışıq danışmaz, əksinə, həm aydın, həm də aramla danışardı. Hətta yanında oturanlar onun dediklərini yadda saxlayardılar. Bir söz söylədiyi zaman söylədiyi başa düşülsün deyə sözü üç kərə təkrar edərdi. Yığcam kəlmələrlə danışar və dediyi sözləri aydın tələffüz edərdi. Bu sözlər nə uzun yorucu, nə də ki qısa faydasız olardı. O, əsla öz nəfsinə görə qəzəblənməz və buna görə heç kəsdən intiqam almazdı. Allahın qoyduğu qanunlar pozulduğu təqdirdə isə, haqqı bərqərar edənədək heç bir şey onun qəzəbinin qabağını ala bilməzdi. Peyğəmbər yeməyə başladıqda "Bismilləh", onu bitirdikdə isə "Əlhəmdulillah" - deyərdi. Rəsulullah yeməyi üç barmağı ilə yeyər və yeməkdən sonra bu barmaqlarını yalayardı. Habelə ehtiyacı üzündən ona müraciət edən adam naümid qalmazdı, çünki o, həmin adamın ümidini qırmazdı. Peyğəmbər üç yaramaz xislətə yaxın durmazdı: mübahisəyə, dünya malını artırmağa və özünə aid olmayan işlərə qarışmağa. O, yad adamın istər danışığında, istərsə də verdiyi sualda kobudluq etməsinə səbir edərdi. Peyğəmbər olduqca təvazökar insan idi. Peyğəmbər ifrata varmayan kimsənin tərifini qəbul edərdi. O, heç kəsin sözünü kəsməz, danışan adam həddini aşdıqda isə bunu ona qadağan edər və ya durub gedərdi. Habelə iki şeydən birini seçmək təklif edildikdə, - günah işlər istisna olmaqla, - həmişə daha asan olanını seçərdi. O, peyğəmbərlərin sonuncusu, üstəlik insanların ən genişürəklisi, ən düzdanışanı, ən mülayimi və dostluqda onların ən comərdi idi.

Əxlaqı Nitqini Uca Allahın adı ilə başlayar və Onun adı ilə bitirərdi. Qarşısına çıxan hər kəsə salam verərdi. Çox vaxt susar və ancaq lazım gəldikdə danışardı. Özü də nə kobudluq edər, nə də bir kimsənin mənliyinə toxunardı. Allahın verdiyi nemət az olduğu təqdirdə belə onu dəyərləndirər və onu əsla məzəmmət etməzdi. Yeməyi də nə pisləyər, nə də tərifləyərdi. O, nə söyüşcül, nə kobud, nə də bazarda qışqırbağır salan bir adam deyildi, həm də pisliyi pisliklə dəf etməz, əksinə, əfv edər və bağışlayardı. O, hücrəsinə çəkilmiş bakirə qızdan daha həyalı idi. Onun nə isə xoşuna gəlmədikdə, bunu onun üzündən anlamaq olardı. Nə bu dünya, nə də dünyaya aid işlər onu əsla qəzəbləndirməzdi. Birisinə acığı tutduğu zaman ondan üz çevirər və narazılığını ona hiss etdirərdi. Hərdən də xoşuna gəlmədiyi bir şeyə narazılığını biruzə verməzdi. O, nə kobud, nə daş qəlbli, nə eyib tutan, nə də tamahkar adam idi. Rəsulullah çox vaxt adamın nöqsanını üzünə deməzdi. Çox vaxt təbəssüm edərək gülər və heç vaxt qəh-qəhə çəkib gülməzdi. Bəzən səhabələri ilə zarafatlaşar və deyərdi: "Bəli, mən də zarafat edirəm, lakin mən haqdan başqa bir söz danışmıram!". O, həm daim gülərüzlü, həm həlim xasiyyətli, həm də olduqca lütfkar insan idi.

İbadəti Rəsulullah evinə gəldikdə vaxtını üç qismə bölərdi. Bir qismini Allaha ibadət edər, bir qismini əhliəyalına həsr edər, bir qismini də özünə sərf edərdi. O, yerinə yetirdiyi ibadətlərin hamısını davamlı yerinə yetirərdi. Ayaq üstə o qədər ibadət edərdi ki, axırda, ayaqları şişər və ona: "Ya Rəsulullah, niyə belə edirsən?! Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır?!"- deyildikdə o: "Şükür edən bir qul olmayımmı?!"- deyə cavab verərdi. Peyğəmbər namazları vaxrlı-vaxtında qılar, üstəlik ratibə namazlarını, ələlxüsus da gecə namazlarını davamlı yerinə yetirərdi. Hətta hansısa üzrdən dolayı gecə namazını qılmadıqda, ertəsi gün onun əvəzinə cüt sayda namaz qılardı. Fərz namazlarını məsciddə camaatla birgə, nafilələri isə çox vaxt evində və hərdən də məsciddə qılardı. Quranı da uzadaraq ara verə-verə oxuyardı. Səhabələrinin Allahı zikr etməkdən xəbərsiz olacaqlarından, yaxud arxayınlaşmağa meyl edəcəklərindən ehtiyat etdiyinə görə onlara qarşı diqqətsiz olmazdı. Onun hər bir vəziyyətə uyğun dəvət üslubu olardı. Nə haqdan yayınar, nə də həddi aşardı. Rəsulullah duranda da, oturanda da, ancaq zikr edərdi. Peyğəmbər yatağına uzandığı zaman da Allahı zikr edər və sağ əlini sağ yanağının altına qoyub yatardı. Ramazan ayını başdan-başa, həmçinin, birinci və dördüncü günlər, Aşura gününü və ondan bir gün əvvəl və ya bir gün sonra, habelə hər ayın üç gününü və bəzən də bəzi ayların çox hissəsini oruc tutardı. Ramazan ayında - ayın əvvəlindən axırınadək daha səxavətli olardı. Nədənsə təsirləndikdə, ələlxüsus da Quran oxuduqda və ya onu dinlədikdə için-için ağlayardı.

İnsanlarla münasibəti O, özünə ayırdığı vaxtın bir qismini yanına gələn adamlara sərf edər, öz buyruqlarını xüsusi adamların vasitəsilə camaata bildirər və heç nəyi onlardan gizlətməzdi. Ümməti üçün ayırdığı vaxt ərzində öz izni ilə fəzilətli insanlara üstünlük verməsi onun xasiyyəti idi. Rəsulullah dilini qoruyar və yalnız özünə aid olan sözü danışardı. Habelə insanlarla ülfət bağlamağa çalışar və onlarda özünə qarşı nifrət oyatmazdı. Üstəlik hər bir qövmün görkəmli şəxsiyyətlərinə hörmətlə yanaşar və onları öz qövmlərinə başçı təyin edərdi. O, bəzi insanlardan ehtiyat edər və özünü onlardan gözləyər, lakin gülərüzlülüyünü və gözəl əxlaqını heç birindən gizlətməzdi. O, daim öz səhabələrindən xəbər tutar, eləcə də camaatdan hal-əhval soruşardı. Habelə yaxşı işi tərifləyər və onu təsdiqləyər, qəbih əməli isə pisləyər və bunu qadağan edərdi. O, hər bir işdə ədalətli mövqe tutar, düz yol seçərdi. Hər hansı bir camaatın yanına gəldikdə, məclisdə olan boş yerdə oturar, səhabələrinə də belə etməyi buyurardı. Məclisdə iştirak edən hər kəsin haqqını ödəyərdi. Belə ki, məclisdəkilərdən heç biri başqa birisinin, Peyğəmbərin yanında özündən hörmətli olduğunu güman etməzdi. Ehtiyac üzündən onun yanına gələn və dərdini onunla bölüşən adam özü çıxıb gedənək səbir edərdi. Kimsə ondan bir şey istədikdə onu əliboş qaytarmaz, istədiyini ona verər, yaxud ona xoş söz deyərdi. O, insanlara xoş üz və gözəl əxlaq göstərər, onlara ata olardı. Ondan bir şey istədikdə o heç vaxt yox deməzdi. O, insanların ən səxavətlisi idi. O, sabahı üçün heç nə saxlamazdı. Hədiyyəni götürər və əvəzinə onu verən adama bir şey hədiyyə edərdi. Kim onunla yaxından ünsiyyət qurardısa, onu sevərdi. Peyğəmbərə vəhy nazil olduqdan sonra on üç il Məkkədə, on il də Mədinədə yaşadı və nəhayət, altmış üç yaşında vəfat etdi.