Əli Əsədov ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirdi FOTO


Digərləri 18 Yan 2022 19:08:00 88 0

Əli Əsədov ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirdi  FOTO

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Ə.Əsədov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meylləri davam etdirilmiş, pandemiyanın milli iqtisadiyyata neqativ təsirləri minimuma endirilmişdir.

2021-ci ilin makroiqtisadi göstəricilərinə nəzər salan Baş nazir Ümumi Daxili Məhsulun 5,6% artdığını, onun həcminin 92,8 mlrd. manat təşkil etdiyini bildirdi. Vurğulandı ki, qeyri-neft sektoru üzrə artım 7,2% olmuş, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artmışdır.

Ölkənin strateji valyuta ehtiyatlarının 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötdüyü və xarici dövlət borcunu 6 dəfədən çox üstələdiyi bildirildi. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur.

Qeyd olundu ki, bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil etmişdir. İnflyasiyanın illik səviyyəsi 12% olmuşdur.

Bütövlükdə qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır.

Bildirildi ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatmışdır.

Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlmişdir.

Bildirildi ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olmuşdur. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür.

Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olmuşdur.

Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artmışdır.

Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə danışan Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirdi.

Vurğulandı ki, təbii olaraq bütün görülmüş kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artmışdır.

Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlərin görüldüyü vurğulandı.