Siyasi alverçilərin əlində qalan Ermənistan


Siyasət 18 Yan 2022 17:28:00 115 0

Siyasi alverçilərin əlində qalan Ermənistan

"Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qarşısını almaq istəyənlər ilk növbədə Ermənistanda olan revanşist qüvvələrdir. Onlar hakimiyyətə çox ciddi təsir göstərməyə çalışırlar ki, Nikol Paşinyan səhv yolda olsun, Azərbaycanla danışıqlara getməsin".

Bunu Son.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Paşinyanın qətiyyəti çatsa Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşmasına mane olan revanşist qüvvələri qüvvələri tərksilah etməyi bacarar:

"Faktiki olaraq onlar anlayırlar ki, vaxt itkisi indiki şəraitdə qətiyyən Ermənistana lazım deyil, əksinə. Uduzan tərəf, böyük itkilərlə üzləşən tərəf, eləcə də iqtisadiyyatı durğunluqda olan tərəf gərək özü tələssin. Marağında olan odur ki, Azərbaycan və Türkiyə münasibətlərini birinci normallaşdırsınlar və digər tərəfdən də onların bütün o milli təhlükəsizlik konsepsiyasında olan müddəalara dəyişikliklər etsinlər. Çünki orada Azərbaycan və Türkiyə düşmən dövlətlər kimi göstəriliblər. Ona görə də Ermənistan uzun illər idi ki, bütün dünya birliyinə hansı çağırışlarla, hansı giley-güzarla müraciət edirdi?! Bildirirdi ki, biz blokadadayıq. Əslində onlar blokadada deyildilər, İran və Gürcüstan vasitəsilə xarici ölkələrə çıxışları var idi. Ancaq özləri də dolayısı ilə etiraf edirdilər ki, onların Azərbaycan və Türkiyə ilə münasibətlərinin sıfır səviyyədə olması ölkənin normal inkişafına maneçilik törədir və bu bağlılığın da səbəbi Ermənistanın işğalçı siyasətində idi. 

Artıq müharibə bitib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra İrəvanın marağında olan odur ki, münasibətlər tezliklə qurulsun, onlar Azərbaycanın ərazi bütövlüyünü tanısınlar və sülh müqaviləsinə imza atsınlar. Belə olduqda, artıq Qarabağda yerləşən o bir yığın erməni, - onların içində sağlam düşüncəli insanlar da var, bunu mən xüsusilə qeyd edirəm. Onlar həqiqətən də öz gələcəklərini Azərbaycanla əlaqələndirirlər və gözləyirlər ki, tezliklər reinteqrasiyaya başlasınlar. Ancaq onların qarşısında duran digər qüvvələr var, revanşistlər, separatsitlərdir ki, - hələ onlar silahı yerə qoymayıblar. Nə qədər ki, İrəvandan o revanşist qüvvələrə rəvac veriləcək, nə qədər ki, o Köçəryan, Sarksiyanlar onların başlarını aldadacaqlar, bir o qədər də bu insanların aqibəti ağır olacaq. Çünki Rusiyanın sülhməramlı qoşunları orada varsa da onlar yerli ermənilərin əvəzinə işləməyəcəklər, onların gözləntilərini doğrultmayacaqlar. Sülhməramlılar Qarabağda sadəcə öz missiyalarını yerinə yetirirlər ki, bölgədə gərginlik artmasın, azərbaycanlılarla ermənilər arasında iğtişaşlar, toqquşmalar olmasın. 

Buna görə də bu insanların reinteqrasiyası məsələsinə gəldikdə ilk növbədə bütün erməni qüvvələri gərək özlərinin o iddialı mövqeyindən əlçəksinlər, müharibə ruhundan uzaqlaşsınlar və öz vəziyyətləri ilə barışsınlar. Belə olmasa nə Azərbaycan daxilində yaşayan ermənilər normal bir rifaha  çatacaqlar, nə də erməni xalqı (Ermənistanda yaşayan ermənilər - red). Ona görə də onların çıxış yolu yalnız barışıqdan keçir.

Rusiya daxilində də ermənipərəst qüvvələr var və biz görürük ki, onlar vaxtaşırı səslərini qaldırılar, Ermənistana səfərlər edirlər, hətta bəziləri cürət edib Azərbaycan torpaqlarına gəlirlər. Güya ki, onlar ermənilərə canı yananlıq edirlər, onalra dəstək nümayiş etdirilər və s. Ancaq elə deyil, onlar siyasi alverlə məşğuldurlar. Bu, onların manipulyasiya siyasətindən irəli gələn addımlarıdır. Ancaq məsələ burasındadır ki, rəsmi Moskva həmişə bildirir ki, Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasını yerinə yetirməyə hazırdır. Bu yaxınlarda da Rusiya XİN rəhbəri Sergey Lavrov bildirdi ki, onlar Ermənistanın xahişlərini, təkliflərini Azərbaycan tərəfinə verməyə hazırdırlar. Yəni rəsmi Moskva bu məsələdə birmənalı vasitəçilik etmək istəyir. Çünki onun bu proseslərdə iştirakı faktdır, heç kəsə sirr deyil və Moskva bildiri ki, Qafqaz bölgəsində ümumiyyətlə bütün proseslər onun iştirakı olmadan həllini tapa bilməz. Bu baxımdan da hesab edirəm ki, Moskvanın bu mövqeyi normaldır, konstruktivdir və onlar həqiqətən çalışırlar. Hətta bu delimitasiya məsələsində də onlar bildirirlər ki, lazım gələrsə biz iştirak edəcəyik. Artıq Moskva öz arxivlərindən delimitasiya üçün xəritələri verməyə razılığını da bildirib və Ermənistandan siqnal gözləyir. 

Burada bütün vəziyyəti qəlizliyə aparmaq istəyən o revanşist qüvvələrdir ki, onlar bir növ Paşinyan hökümətinə təhdidlər törədirlər, təzyiqlər göstərirlər ki, Paşinyan çaşqın bir vəziyyətdə olsun. Ancaq Paşinyanın qətiyyəti çatsa həmin qüvvələri tərksilah etməyi bacarar. Bunun üçün vasitələr var, həm qanunvericilik imkan verir, həm də ki, bunun üçün qətiyyət lazımdır. İndi gözləyək görək nə vaxt nə zaman Paşinyanın qətiyyəti özünü büruzə verəcək". 

Təhməz Əsədov Son.az