Quranı qaydalara əsasən oxumaq


Digərləri 16 Yan 2022 23:50:00 144 0

Quranı qaydalara əsasən oxumaq

Quran oxumaq da, Qurana qulaq asmaq da ibadətdir. Lakin ikisi də oxunan Quranın başa düşülməsi məqsədindən asılıdır. Başa düşülmədən sırf oxumaq və yaxud qulaq asmağın insana faydalı olduğuna dair heç bir dəlil yoxdur. Çünki Allah bir çox Quran ayəsində Quranın başa düşülməsi və həyata keçirilməsi üçün nazil edildiyini bildirib. Quranı oxumaq ya da Qurana qulaq asmaqda məqsəd bu olmalıdır. Belə olan halda, şəxsən oxumaq anlamağa daha yaxın olur.

"Bunlar Quranın üzərində ağıl yormazlar (düşünməzlərmi)? Yoxsa onların qəlblərinə kilid vurulub?" (Muhəmməd, 47/24).

"And olsun ki, biz Quranı üzərində təfəkkür olunsun deyə, asanlaşdırdıq. Amma haradadır təfəkkür edən?" (Qəmər, 54/17, 22, 32 və 40).

Müsəlmanlar Quranın üzərində düşünmək məsələsini əsrlər boyu unutdular. Quran üzərində təfəkkür etməyin lazımiliyi unudulduqda da o, əlçatmaz müqəddəs bir şey hesab edildi və belə bir qənaət yarandı ki, onu anlamaq mümkün deyil. Sonra da belə bir fikir irəli sürüldü ki, qədim dövrlərin insanları hər şeyi həll ediblər. Beləliklə, qapılar yeniliklərin üzünə bağlandı. Nəhayət, Quran savab qazanmaq üçün oxunan bir kitab halına gətirildi.

Allah Təala Qurani-Kərimdə buyurur:

"Bu Quran həqiqətən də, ən doğru olana və ən möhkəmə çatdırır" (İsra, 17/9).

Quran həqiqətən də, ən düzgün və ən etibarlı olana çatdırır. Amma o başa düşmək üçün deyil, sadəcə olaraq savab qazanmaq üçün oxunursa, onunla heç bir yerə çatmaq olmaz. Belə bir şey eynilə keyfiyyətli bir balın ancaq görünüş və xoş iyi ilə kifayətlənməyə oxşayır. Yeyilməyən balın bədənə nə xeyri olar? Müsəlmanlar əsrlər boyu belə etmiş və Quranla kifayət qədər qidalanmamışlar. Ənənəvi mədəniyyət qəlibləri ilə xurafat və mövhumatlar bir-birinə qarışmış, xalqı xurafat bürümüşdür.