Bir xörəyi neçə dəfə qızdırmaq olar?


Digərləri 16 Yan 2022 21:15:00 248 0

Bir xörəyi neçə dəfə qızdırmaq olar?

Mütəxəssislərə görə, dəfələrlə qızdırılıb boyat şəkildə istehlak edilən yeməklər orqanizmdə bir sıra fəsadlara səbəb ola bilər. Hətta düzgün şəraitdə saxlanılanda da, termiki emal olunmuş qidaların tərkibindəki bitki və ya heyvan mənşəli qida maddələrinin parçalanma prosesi başlayır. Nəticədə əvvəlcədən toksiki olmayan maddələr zəhərli maddələrə çevrilir.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ülviyyə Cəlilova bu mövzuda maarifləndirici elmi açıqlama verib.

Qidaların dadında dəyişiklik o halda aşkar hiss olunur ki, onların tərkibinin çox hissəsi korlanmış olur. Ümumiyyətlə, yumurta, balıq, ət, toyuq, göbələk və s. kimi riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır.

Əgər həmin qidalar soyuducuya qoyulmadan otaq temperaturunda və açıq şəkildə qalırsa, növbəti dəfə qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Yeməyi dəfələrlə qızdırmaq olarmı?

Əvvəlki gündən qalmış yeməklər zamanla yarışan bizlər üçün çox vaxt əlverişli ola bilər. Ancaq bəzi yeməklər yenidən qızdırılanda insan sağlamlığı üçün təhlükəli olur. Xüsusilə də saxlanma şəraiti düzgün olmayanda yemək qalıqları bir çox mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə çevrilir. Soyuducuda yerləşdirilməzdən əvvəl bişirilmiş yeməklər otaq temperaturuna qədər soyudulmalıdır. İsti halda soyuducuya qoyulmuş qidalar rütubətin artmasına səbəb olduğundan onların tərkibində zərərli bakteriyaların çoxalması sürətlənir. Təzə bişmiş yeməklərdən fərqli olaraq, soyuducudan çıxmış yeməyi qızdırdığımız zaman dadındakı dəyişikliyin səbəbi məhz elə həmin mikroorqanizmlərdir. Bundan başqa, qidalar soyuducuda çarpaz çirklənməyə də məruz qala bilir. Bəzi qidalar nə qədər çox saxlanılarsa, tərkibində mövcud olan allergen xüsusiyyətli histaminin miqdarı bir o qədər artmış olur. Tərkibində histamin çox olan qidaların istehlakı başağrısı, nəfəsalma və həzm sistemi problemləri, eləcə də qaşıntı kimi simptomların əmələ gəlməsinə yol açır. Ona görə də boyatımaması üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır. Hansı qidalar daha tez xarab olur? Nə vaxt bişdiyini bilmədiyimiz yeməkləri yeməməliyik. Uzun müddət saxlandığı təqdirdə keyfiyyəti dəyişən qidalar arasında yumurta istifadə edilərək hazırlanan məhsullar (təbii ki, mayonez də) da var. El arasında belə bir fikir var ki, "boyat plov daha dadlıdır". Lakin boyat plovun yenidən isidilərək istehlak edilməsi də sağlamlıq üçün təhlükə yarada bilər.