Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar?


Digərləri 16 Yan 2022 19:10:00 101 0

Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar?

Müsəlmanlar öldükdən sonra diriləcəklərinə, dünyada gördükləri işlərə görə haqq-hesaba çəkiləcəklərinə və bir mömin kimi yaxşı işlər görüblərsə, Cənnətə, günahkar olublarsa, Cəhənnəmə gedəcəklərinə inanırlar. Bu inanca əsasən mömin insanlar günahlarının cəzasını çəkdikdən sonra Cəhənnəmdən çıxıb Cənnətə daxil olacaqlar. Əgər Allah istəsə, günahkarları bağışlayar və onları heç Cəhənnəmə qoymaz. Amma inancsızlar həmişəlik Cəhənnəmdə qalacaq və cəza çəkəcəklər.

Burada haqqında danışılan iman, ibadət, gözəl işlər görmək və bunlara oxşar şeylərin hamısı bu dünyada görülən işlərdir. Cənnətə daxil olanlar dünyada gördükləri yaxşı işlərə görə mükafatlandırılacaqlar.

İnancsızlıq, haqsızlıq, zülm və günahkarlıq da bu dünyada insanlar tərəfindən edilən pis əməllərdir. Belə şəxslər Cəhənnəmdə cəzalandırılacaqlar. Bu, eynilə öz tarlasını vaxtında əkən, ona qulluq edən, məhsulunu vaxtında götürüb bazara aparan və həmin məhsuldan özü üçün lazımi qədər ayıran insanın rahatlığa qovuşmasına oxşayır. Tarlasını əkib-biçməyən və qışa hazırlıq görməyən insanlar da ac qalacaqlar.

Məsələyə bu nöqteyi-nəzərdən baxıldıqda dünyanın axirətin tarlası olmasının səbəbi yaxşı başa düşülür.