II Qarabağ İqtisadi Forumu keçiriləcək


Digərləri 15 Yan 2022 15:33:00 119 0

II Qarabağ İqtisadi Forumu keçiriləcək

"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bu il II Qarabağ İqtisadi Forumu keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin verdiyi məlumata görə, bu barədə qurumun İdarə Heyətinin yığıncağında qərar qəbul edilib.

İctimai Birliyin sədri Xəyyam Əsgərov yığıncaqda çıxış edərək bildirib ki, ötən il keçirilmiş I Qarabağ İqtisadi Forumu ölkəmizdə, eyni zamanda, xaricdə, o cümlədən də KİV-də böyük maraqla qarşılanıb. Yerli və xarici mediada forum haqqında maraqlı və məzmunlu məqalələr dərc olunub, reportajlar hazırlanıb, sosial şəbəkələrdə geniş müzakirələr aparılıb.

Yazılarda ilk dəfə keçirilmiş bu forumda işğaldan azad edilmiş torpaqlarımızda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, çiçəklənən diyara çevrilməsi istiqamətində dövlətimizin gördüyü işlər və gələcək planlar haqqında səmərəli müzakirələrin aparılması, mühüm təkliflər irəli sürülməsi yüksək qiymətləndirilib. Bütün bu faktlar cari ildə də II Qarabağ İqtisadi Forumunun keçirilməsini zəruri edir. Həm də nəzərə almaq lazımdır ki, ötən müddət ərzində azad edilmiş ərazilərdə böyükmiqyaslı işlər görülüb, ciddi layihələr həyata keçirilib. Forumun tarixi, təşkilati işləri, müzakirə olunacaq məsələlər haqqında rəy və təkliflər növbəti yığıncaqlarda nəzərdən keçiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin qeyd olunub ki, "İMZA"nın xüsusi ilə də sosial şəbəkələrdəki fəaliyyəti ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu gün "İMZA" sosial şəbəkələrdə sayı milyonlarla ölçülən statistikaya malikdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin və millətimizin ali mənafeləri naminə gördükləri işlərin, fəaliyyətlərinin, dövlət tədbirlərinin, ictimai-siyasi, o cümlədən də sosial-iqtisadi həyatın bütün vacib məsələlərinin həm sosial şəbəkələrdə, həm də "imzainfo.az" portalında yüksək səviyyədə, peşəkarlıqla və operativ qaydada işıqlandırılması izləyicilər tərəfindən böyük maraqla qarşılanır.

Ötən il "İMZA"nın təşəbbüsü ilə ölkəmiz üçün mühüm günlər - ulu öndər Heydər Əliyevin anım günü, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Novruz bayramı və digər günlərlə bağlı müxtəlif tədbirlər, görüşlər, yığıncaqlar keçirilib. "İMZA"çılar adından 8 Noyabr - Qələbə Günü münasibətilə xüsusi videoçarx hazırlanıb. Həmin videoçarxda əcnəbi ictimai-siyasi xadimlər, deputatlar, diplomatlar, jurnalistlər, politoloqlar, incəsənət xadimləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, xalqımıza və dövlətimizə Qələbə münasibətilə təbriklərini çatdırıblar. Bununla yanaşı, ötən il regionlarda şəhid və qazi ailələri ilə görüşlərdə İctimai Birlik fəallıq göstərib, bu cür çox mühüm və milli borc mahiyyətli, əhəmiyyətli tədbirlərdən öz dəstəyini əsirgəməyib, bu məqsədlə müxtəlif təkliflər irəli sürüb.

"İMZA" könüllüləri isə Birliyin bütün tədbirlərində böyük fəallıq göstəriblər.