Həkimendokrinoloq: Mütəmadi həkim nəzarətində olan prediabet xəstələrində...


Digərləri 14 Yan 2022 23:25:00 160 0

Həkimendokrinoloq: Mütəmadi həkim nəzarətində olan prediabet xəstələrində...

Şəkərli diabet müasir dövrdə ən çox rast gəlinən xəstəliklərdəndir. Xəstəliyin əsas göstəricisi qanda şəkərin miqdarının çox olmasıdır. Xəstəliyin səbəbi insulin hormonu ifrazının bir sıra səbəblərdən kifayət qədər və ya ümumiyyətlə olmaması, ya da toxumaların insulinə qarşı rezistent hala gəlməsidir. Şəkərli diabet daim nəzarət tələb edən xroniki xəstəlikdir və təəssüf ki, tam müalicəsi yoxdur. Diaqnoz vaxtında qoyulmadıqda və müalicəsi düzgün aparılmadıqda korluq, böyrək çatışmazlığı, qanqrena, miokard infarktı, insult və digər kəskin və xroniki ağırlaşmalara səbəb ola bilər. Şəkər xəstəliyinin 35-40 yaşdan sonra ortaya çıxan daha geniş yayılmış növlərindən biri də İkinci tip diabetdir. İkinci tip diabetdən əziyyət çəkənlərin mədəaltı vəzisində kifayət qədər insulin ifraz oldunsa da, hüceyrələrdəki insulin reseptorları işləmir. Ona görə də insulin hormonuna qarşı həssaslıq itir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-endokrinoloq Nadirə Ağazadə məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, şəkərli diabet xəstəliyinə tutulmaqdan ümumiyyətlə heç kim sığortalanmasa da, bir qrup insan xəstəliyin risk qrupuna aiddir: "Genetik meyili və prediabeti olanlar, ağır psixotrop dərmanlar qəbul edənlər, transplantasiya əməliyyatı keçirənlər, daima yüksək qan təzyiqindən, insulin dirəncindən və artıq çəkidən əziyyət çəkənlər, fiziki aktivliyi zəif şəxslər xüsusilə ikinci tip şəkərli diabet xəstəliyinin risk qrupundadırlar. Ümumiyyətlə ikinci tip şəkərli diabetin simptomları əsasən iki yerə ayrılır. Klassik simptomlara ağızda quruluq, tez-tez susuzluq hissi və ümumi halsızlıq aiddir. Bir qrup digər əlamətlər isə adətən xəstələr tərəfindən diqqətə alınmır. Belə olan halda, xəstələr həmin əlamətləri şəkərli diabet əlaməti hesab etmədikləri üçün həkimə daha gec müraciət edirlər. Belə xəstələrə şəkərli diabet xəstəsi olduğunu deyəndə onlar təəccüblənirlər. Qeyd edirlər ki, axı ağızda quruluq hiss etmirəm və çoxlu su içmirəmsə, mən necə şəkər xəstəsiyəm?! Ümumiyyətlə simptomlar ikinci tip şəkərli diabetdə birincidən fərqli olaraq yavaş-yavaş irəliləyir və əlamətlər, adətən, gizli gedir. Belə olan halda xəstəliyin fərqində olmaq çətin olur. Dəridə qaşınma hissi, əllərdə və ayaqlarda keyimə, bulanıq görmə və s. şəkərli diabetlə əlaqələndirilməyən simptomlardır. Bundan başqa, səbəbsiz yerə sürətli şəkildə çəkiitirmə, bədəndə gec sağalan yaraların əmələ gəlməsi və tez-tez təkrarlanan göbələk xəstəliyi də belə əlamətlərdəndir".

N.Ağazadənin dediyinə görə, diabet xəstəliyi vaxtında aşkar edilmədikdə xəstə ürəyi istədiyi kimi qidalanır və ona görə də şəkəri sürətlə yüksəlir: "Yüksək şəkər böyrəkləri, gözləri, ürək və beyin damarlarını zədələyir. Ona görə də şəkər xəstəliyini prediabet mərhələdə aşkar etmək faydalıdır. Mütamadi olaraq həkim nəzarətində olan, müayinələrdən vaxtında keçən prediabet xəstələrində ikinci tip şəkərli diabetin əmələ gəlməsi gec baş verir. Bir sıra hallarda ikinci tip şəkərli diabetin yaranmasını əngəlləmək mümkündür. Onu da qeyd edim ki, şəkər xəstələri yeni növ koronavirus (COVID-19) infeksiyasının risk qrupuna aiddirlər. Ona görə də həmin xəstələr koronavirus əleyhinə mütləq peyvəndlənməlidirlər".