“Omikron” ştamı “delta”dan daha sürətlə yayılsa da...


Digərləri 14 Yan 2022 20:59:00 164 0

“Omikron” ştamı “delta”dan daha sürətlə yayılsa da...

İki ildir ki, dünya COVID-19 infeksiyası ilə mübarizə aparır. Həmin müddət ərzində bir çox mutasiyaların şahidi olduq. Noyabrdan etibarən "omikron" ştamı təsdiq olunub. Demək olar ki, Avropanın bütün ölkələrində yayılan "omikron" ştamı bir neçə gün əvvəl Azərbaycanda da 12 nəfərdə aşkarlandı. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da "omikron" ştamı ilə əlaqədar həyəcan təbili çalır. Çünki son günlərdə Amerikada bir sutkada 1 milyondan çox yoluxma halı qeydə alınıb. Avropanın bir çox ölkələrində, Cənubi Afrika Respublikasında, Cənubi Amerika ölkələrində məhdudiyyətlər tətbiq olunub. Buna səbəb ştamın əvvəlki varianta görə daha sürətli yayılma xüsusiyyətə malik olmasıdır. Yəni "delta"dan daha sürətlə yayılsa da, xəstəxanaya yatış ehtiyacı daha aşağıdır. Bu günə qədər olan statistik göstəricilərə görə, daha yüngül keçirilir. Daha dəqiq məlumat üçün araşdırmalara ehtiyac var. Lakin xəstəlik çox yayılarsa, xəstəxanaya yatış ehtiyacı dolayı yolla arta bilər. ÜST ona görə həyəcan təbili çalır ki, yoluxma sayı artarsa, xəstəliyin ağırlaşma ehtimalı da arta bilər. Ona görə də ehtiyatlı olmaq, çox da arxayınlaşmamaq lazımdır. Çünki iki il keçsə də pandemiya bitmək bilmir. Bir pandemiyanın bitməsi üçün bir neçə il vaxt lazımdır. COVID-19-un həmin mutasiyası virusun getdikcə yüngülləşməsinə bir işarədir. Amma yenə də pandemiya aktuallığını qoruyub saxlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

V.Əliyevin sözlərinə görə, bütün respirator infeksiyalarda klinik əlamətlər demək olar ki, eynidir. "Omikron" ştamında müşahidə edilən simptomlara toxunan mütəxəssis bildirib: "Yüksək hərarət, öskürək, nəfəs darlığı, bəzi xəstələrdə iybilmə dadbilmənin itməsi, qusma, ishal müşahidə edilə bilər. Həmin əlamətlər bütün respirator infeksiyalarda müşahidə edilir. Yaşından, xəstəliyin müddətindən, yanaşı xəstəliklərdən asılı olaraq hər bir insanda fərqli simptomlar qeydə alına bilər. Ona görə də hər hansı bir əlamət olduğu zaman onun "omikron", "delta" ştamları və ya başqa respirator infeksiya olması ancaq diaqnostik metodlarla təsdiq edilə bilər. İlkin mərhələdə burundan alınan yaxma ilə hansı virus olduğu təyin edilə, daha sonra araşdırmalarla hansı mutasiya olduğu müəyyənləşdirilə bilər. Klinik əlamətlərə görə bunu söyləmək doğru deyil".

Həkim-infeksionist bildirib ki, COVID-in müalicəsində əsasən simptomatik müalicə tətbiq olunur. Yəni bütün respirator infeksiyalarda olduğu kimi sadəcə simptomlara yönəlmiş müalicədir, məsələn, temperatur yüksələrsə, hərarətsalıcı dərmanlar, yanaşı olaraq vitamin preparatları istifadə oluna, bol maye içməsi tövsiyə edilə bilər. Müalicə zamanı ilkin olaraq antibiotik istifadəsi tamamilə yanlışdır, həmçinin antiviral dərmanlar xəstəliyi daha ağır formada keçirən və ağırlaşma riski yüksək olan xəstələr üçündür. Yanlış müalicə, ilkin mərhələdə sistemlər qoşulması, antibiotik qəbulu vəziyyəti ağırlaşdıra bilər ki, xəstəxanaya yatırılma ehtiyacı yaranar.