Azərbaycanın keçmiş naziri vəfat etdi FOTO


Digərləri 14 Yan 2022 09:52:00 118 0

Azərbaycanın keçmiş naziri vəfat etdi  FOTO

Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib.

Son.az report-a istinadən xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

F.Zeynalov 1992-1997-ci illərdə Azərbaycanın material ehtiyatları naziri olub.

Qeyd edək ki, Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Lenin rayonunun Bilgəh qəsəbəsində anadan olub. 1959-cu ildə qəsəbə orta məktəbini, 1963-cü ildə Yüngül Sənaye Texnikumunu, 1969-cu ildə isə Çingiz İldırım Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tikiş məmulatının texnologiyası fakültəsini bitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

İlk əmək fəaliyyətinə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində fəhlə kimi başlayan Fərrux Zeynalov sonradan həmin idarədə dərzi, biçici, istehsalat müdiri vəzifələrində çalışmışdır. 1975-83-cü illərdə "Paltarların fərdi tikişi və təmiri" fabrikasının direktoru, 1983-1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1987-1992-ci illərdə Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin, Azərbaycan Maddi-Texniki Təchizat Komitəsi "Azəryüngülyeyintisənaye" Birliyinin, "Azərtoxucutəchizatsatış" firmasının baş direktoru vəzifələrində çalışmışdır. Respublika müstəqillik qazandıqdan sonra Fərrux Zeynalov 1992-1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Naziri vəzifəsində (nazirlik ləğv olunana kimi) işləmişdir. 1999-2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışmışdır.

XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Milli Şuranın və Milli Məclisin üzvü olub.

2005-ci il noyabrın 6-da 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilib.

3 övladı var.