DİN qarşısındakı aksiyada özünü qazi kimi təqdim edən şəxs kimdir? FOTO


Digərləri 13 Yan 2022 21:54:00 196 0

DİN qarşısındakı aksiyada özünü qazi kimi təqdim edən şəxs kimdir?  FOTO

Bu gün özünü Vətən müharibəsi qazisi kimi təqdim edən bir neçə şəxs Daxili İşlər Nazirliyinin qarşısında mediaya açıqlama verərək polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqlarını iddia ediblər.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onlar onlayn yolla yemək çatdırma xidməti həyata keçirdikləri üçün gecə saat 12-dən sonra da fəaliyyət göstərdiklərini deyiblər.

Həmin şəxslər bildiriblər ki, Sabunçu rayonunda yerləşən obyektin qapısı bağlı olarkən içəridə 4 nəfər işçi olub: "Polislər içəri daxil olub bizi döydülər, qazi olduğumu desək də, bizi döydülər".

DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev nazirliyin qarşısında toplanan şəxsləri qarşılayaraq mediaya açıqlama verib.

O bildirib ki, karantin rejiminə görə obyektlər gecə saat 12-dək fəaliyyət göstərə bilərlər: "Yanvarın 11-də həmin obyekt gecə saat 04-ə qədər işləyib. Ərazidə olan polis əməkdaşları daxil olan məlumat əsasında tam qanuni olaraq obyektə baxış keçiriblər. Məlum olub ki, obyekt karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərir".

E.Hacıyev qeyd edib ki, vətəndaşların təzyiqə məruz qalması ilə bağlı iddialar araşdırılacaq: "Özünü qazi kimi təqdim edən və orada olduğunu bildirən Orxan İmanov baxış keçirilərkən obyektdə olmayıb. Bu şəxs bir neçə obyektlərdə qazi adı altında "qazilərin obyektidir", "qazilərin iş yeridir" deyərək havadarlıq edir. Dəfələrlə bu şəxslə profilaktik söhbətlər aparılıb".