Ölülərdən kömək istəmək düzgündür?


Digərləri 13 Yan 2022 21:55:00 112 0

Ölülərdən kömək istəmək düzgündür?

İnsanlar həmişə ən çox dua və ibadət məsələsində yanılıblar. Böyük hesab etdikləri şəxslərin və ölülərin ruhaniyyətinə sığınıb onlardan müxtəlif məsələlərdə kömək istəyiblər. Qurani-Kərim diqqətlə mütaliə edilsə, bütün peyğəmbərlərin bu barədə öz ümmətlərinə xəbərdarlıq etdiklərini də görmək olar. Bizə qıldığımız namazların bütün rükətlərində Fatihə surəsini oxumağımız əmr edilmiş və gündə 40 dəfə: "Ancaq sənə ibadət edir və səndən kömək istəyirik (Fatihə, 1/5)" ayəsi təkrar etdirilməklə Allahdan başqa heç kimdən və heç nədən kömək istəməmək məsələsi öz zehnimizdə canlı saxlanılmışdır. Bizim hava, su və yeməyə hiss etdiyimiz ehtiyac maddi həyatımızın canlılığını davam etdirmək üçün necə lazımdırsa, Allahdan başqa heç kim və heç nəyə ibadət edilməməsi və Ondan başqa bir varlıqdan kömək istənməməsinin eynilə hava, su və qida kimi daima təkrar edilməsi öz mənəvi həyatımızı canlı saxlamaq üçün lazımdır.

Allah Təala Quranın bir çox ayəsində müşriklərin xüsusiyyətlərini sadalarkən onların Allahdan başqasına dua etdiklərini (Nisa, 4/117; Ənam, 6/40, 41, 56, 71, 108; Əraf, 7/37, 194, 195, 197; Yunus, 10/38, 66, 106; Hud, 11/101; Rəd, 13/14; Nəhl, 16/20, 86; İsra, 17/56, 57, 67; Kəhf, 18/14; Məryəm, 19/48; Həcc, 22/12, 13, 62, 73; Muminun, 23/117; Furqan, 25/68; Şuəra, 26/213; Qəsəs, 28/64, 88; Ənkəbut, 29/42; Loğman, 31/30; Səbə, 34/22; Fatir, 35/13, 14, 40; Səffat, 37/125; Zumər, 39/38; Mumin, 40/20, 66; Fussilət 41/48; Zuxruf, 43/86; Əhqaf, 46/4, 5; Cinn, 72/18 (ümumilikdə 26 surədə 47 ayə) vurğulamış və Muhəmməd peyğəmbərə verdiyi bir əmrdə belə buyurmuşdur:

De ki, mən ancaq və ancaq Rəbbimə dua edirəm/edərəm. Ona heç bir şeyi şərik qoşmuram/qoşmaram. (Cinn, 72/20)

İndi isə yaxşı olardı ki, bu mövzuya dair Quran ayələrinin bəzilərini burada qeyd edək:

Haqq olan dua ancaq Allaha edilən duadır. Onların Allahdan başqa dua etdikləri isə onların heç bir istəklərinə cavab verə bilməzlər. Elələrinin vəziyyəti ağzına su gəlsin deyə ovuclarını suya tərəf uzadan, lakin ona heç cür çata bilməyən kəsə oxşayır (Rəd, 13/14).

Onların Allahdan başqa dua etdikləri şeylər bir şey belə yarada bilməzlər; (çünki) onsuz da onların özləri yaradılmışdır (Nəhl, 16/20).

Bu, belədir. Çünki haqq olan ancaq Allahdır. Ondan başqa dua etdikləri şeylər isə batilin məhz özüdürlər. Hər şeydən uca (ulu) və hər şeydən böyük olan yalnız Allahdır (Həcc, 22/62).

De ki, əgər duanız olmasa, Rəbbimin nəzərində nə əhəmiyyətiniz olar (Furqan, 25/77)?

Allah Təala qəbirdəkilərlə əlaqədar olaraq belə buyurur:

Dirilərlə ölülər bir deyillər. Şübhəsiz ki, Allah istədiyinə eşitdirir. Amma sən qəbirdəkilərə heç bir şey eşitdirə bilməzsən (Fatir, 35/22).

Bu ayə isə ölüb getmiş böyük şəxsiyyətlərin ruhaniyyətinə sığınan (pənah aparan) və onlardan kömək diləyənlərin səhv yolda olduqlarını sübut edir:

Allahı qoyub Qiyamətə qədər özünə cavab verə bilməyənlərə dua edəndən daha çox azmış kim ola bilər? Halbuki, bunlar onların dualarından xəbərsizdirlər (Əhqaf, 46/5).

Muhəmməd peyğəmbəri xatırlayıb məzarını ziyarət etdiyimiz vaxt ona səlat və salam deyirik. Biz bununla Allahdan peyğəmbərimizə olan nemətini artırmağını istəyirik. Amma heç bir duamızda Muhəmməd peyğəmbərdən və yaxud onun ruhaniyyətindən nəsə istəmirik. Çünki biz əgər belə etsək, xaçpərəstlərin (xristianların) həzrəti İsaya etdiklərini həzrəti Muhəmmədə etmiş olarıq. Bu isə haqq yoldan çıxmaqdan başqa bir şey deyildir!