"33 ölkənin adı keçən siyahıda Azərbaycan 18ci yerdədir"


Digərləri 13 Yan 2022 14:24:00 170 0

"33 ölkənin adı keçən siyahıda Azərbaycan 18ci yerdədir"

Azərbaycanın yerüstü su ehtiyatlarının 30 faizi ölkə ərazisində, 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır. Su balansına əsasən, yerüstü su ehtiyatlarımızın həcmi 36 milyard kubmetrdir. Quraqlıq illərində bu rəqəm 22-24 milyard kubmetrə qədər azalır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda təxminən 1,5 milyon hektar ərazi suvarılan torpaqlardır. Suvarılan torpaqların 77,5 faizini əkin torpaqları, 8,6 faizini bağlar, 13,9 faizini isə biçənək yerləri, örüş sahələri, həyətyanı sahələr və s. təşkil edir:

"Yağıntıların az olduğu illərdə fermerlər suvarma ilə bağlı ciddi çətinliklərlə üzləşirlər, xüsusilə də əkin yerlərinin suvarılmasında ciddi probemlər yaranır. Bu isə bitkilərə düzgün aqrotexniki qulluq etməyə imkan vermir, nəticədə məhsuldarlıq aşağı düşür. Son illər kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayırlar. Aparılan müşahidələrə görə, havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb, atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8%-10% azalıb. Ölkəmizdə əkinçilik sahəsinin böyük qisminin, yəni payızlıq əkinlərin vegetasiya dövründə quraqlıq daha kəskin hal alır ki, bu da dəmyə əkinçilik ənənələrinə ciddi fəsad törətməklə yanaşı, daha çox məhsul istehsal etməyə mane olur . Bilirsiniz ki, iqlim dəyişmələri ilə əlaqədar Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 33 ölkənin adı keçən siyahıda Azərbaycan 18-ci yerdədir. Mövcud vəziyyət torpaq və su resurslarının deqradasiyasına şərait yaradır".