Ermənistanın yeni AĞASI uğrunda


Siyasət 12 Yan 2022 16:40:00 259 0

Ermənistanın yeni AĞASI uğrunda

Fransada 2022-ci ilin aprelinə təyin edilmiş seçkilərlə əsas partiyalar prezident postuna namizədlərini seçməyə başlayıblar. Siyasi jurnalist Erik Zemmur da bu seçkilərdə "Reconquête" (Reconquest) adlı yeni yaratdığı hərəkatı ilə təbliğat-təşviqat kompaniyasına start verib. Lakin, diqqətlə nəzər yetirsək görərik ki, Erik istər sələflərindən, istərsə də hazırki rəqiblərindən seçki platforması ilə heç də ciddi şəkildə fərqlənmir.

Onun keçən ilin son ayında Ermənistana üçgünlük səfəri çərçivəsində etdiyi açıqlamalar, səsləndirdiyi bəyanatlar açıq şəkildə Zemmurun ksenofob və anti-immiqrant mövqeyini ortaya qoydu. Burada bir məqam xüsusi diqqət çəkdi: Zemmurun İrəvana fövqəladə səfəri onun namizədliyini rəsmi bəyan etməsindən sonra ilk xarici səfəri idi. Bununla da o, Fransadakı yarım milyonluq erməni lobbisinin dəstəyini seçkilər zamanı qutusunda hiss etmək istəyir. Lakin, o, çox yaxşı anlayır ki, bu dəstəyin müqabilində erməni lobbisinin müəyyən sifarişlərini də mütləq şəkildə yerinə yetirməlidir. 

Erik belə sifarişini heç bu posta seçilməmiş, Ermənistana bir ay əvvəl ilk səfəri zamanı etdi. Fransalı yazıçı, jurnalist və prezidentliyə namizəd Erik Zemmur Ermənistana üçgünlük səfəri zamanı Türkiyə-Ermənistan sərhədində - Ağrı dağı fonunda foto çəkdirməsi azmış kimi onu rəsmi sosial şəbəkə hesabında paylaşaraq Türkiyəyə "meydan oxumaqdan" da çəkinmədi. Amma onu bilmir ki, gələcəyi varsa, görəcəyi də var. 

Zemmur paylaşımına "Burada, Türkiyə-Ermənistan sərhədində Ağrı dağı ilə üzbəüz dayanaraq demək istəyirəm ki, ermənilər əsrlər boyu müqavimət nümunəsi (? - red.) olublar" ifadələrinə yer verməklə türkü bir daha hayların düşməni elan etmiş olub ki, bu da erməni lobbisinin vəziyyəti gərgin saxlamaq, münasibətləri normallaşdırmamaq istiqamətində verdikləri növbəti sifarişlərin bir parçası idi. Fransalı yazarın tarixi bilərəkdən təhrif edərək erməni terrorizmini "müqavimət nümunəsi" kimi təqdim etməsi eyni zamanda Fransanın Türkiyəyə qarşı dövlət siyasətinin tərkib hissəsi təəssüratı yaradır. Eyni zamanda bu addım fransalı prezidentliyə namizədin onun bu posta yiyələnəcəyi təqdirdə də ölkəsində qatı anti-Türkiyə, anti-Azərbaycan, islamafobiya, irqi ayrı-seçkilik siyasətlərinə sadiq qalacağından xəbər verir. 

Digər nöqteyi nəzərdən baxdıqda da bir daha buna əmin olmamaq mümkün deyil: 70 milyonluq Fransada cəmi 500 min erməni yaşayır və çox güman ki, onların uzaqbaşı üçdə birinə seçici vərəqəsi düşəcək. Bu rəqəm isə şübhəsiz ki, seçkiləri üçün həlledici deyil. Belə olduğu halda Fransa ermənilərinin tarixi vətəninə seçki təbliğatına gəlmək nə dərəcədə məntiqlidir? Belə aydın olur ki, Erik Zemmur Fransadakı seçkilərin qalib tərəfi olsa, Emmanuel Makronun  Azərbaycan siyasətindən daha kəskin bir mövqe ilə qarşı-qarşıya qalacağıq. Amma 44 günlük müharibənin gedişi və ondan sonrakı rposeslər göstərir ki, regionda yeni reallıq yaradan Azərbaycanı bu cür gedişlər daha həyəcanlandırmır. Emmanuel Makron Cənubi Qafqazla bağlı siyasətində açıq ermənipərəstliyi, işğalçıya dəstəyi ilə nəyə nail oldu ki, Fransanın Cənubi Qafqazla bağlı yeni liderinin siyasətində də nail olsun?!

Emmanuel Makronun Qarabağ müharibəsində "qoruya bilmədiyi" erməni maraqlarını müdafiə etmək üçün qollarını çırmalayan Erik Zemmur erməni kartını digər rəqiblərindən daha aktiv istifadə etməyi düşünür. Doğrudur, Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfərindən fərqli olaraq Zemmur Xankəndinə gedə bilmədi. Sülhməramlılar tabe olduqları dövlətin maraqlarına xidmət edən, onun dəstəklədiyi Pekresin daha önə çıxması üçün Zemmurun Qarabağa qanunsuz səfərini əngəllədilər. 

Lakin radikallığı ilə xanım rəqibini geridə qoyan Erik Zemmur erməni məsələsində də ən aşırı mövqe sərgiləyən namizəd olduğunu səsləndirdiyi bəyanatlarla bildirir. Proseslər göstərir ki, Ermənistan heç şübhəsiz ki, türkə düşmən kəsilmək, türkə savaş açmaq üçün ən unikal vasitədir. Görünən isə odur ki, bu variantdan bu zamana kimi sələflərinin istifadə etdiyi kimi, digər fransalı prezidentliyə namizdələr də yararlanmaq niyyətindədirlər. Ermənistan isə vassal olmağa, onun-bunun boyunduruğu altında yaşamaqdan, quldur, süni dövlət ideologiyasını yaşatmaqdan məmnundur və nə vaxtsa əlçəkəcək kimi görünmür.

Təhməz Əsədov Son.az