Valideyndən xəbərsiz kəbin


Digərləri 11 Yan 2022 22:10:00 163 0

Valideyndən xəbərsiz kəbin

Əbu Musanın (r. a.) rəvayət etdiyinə görə peyğəmbər (s. a. v.) belə buyurub:

"Vəlisiz nikah olmaz". ((Əbu Davud, Nikah, 20 (2085); Tirmizi, Nikah, 14/1101.))

Bir başqa hədisdə peyğəmbər (s. a. v.) üç dəfə: "Hansı qadın vəlisinin ((Vəli sözü burada qızın valideyni, yaxud valideyni əvəz edən şəxs mənasında işlədilib.)) icazəsi olmadan ərə getsə, onun nikahı batildir", - deyib. ((Əbu Davud, Nikah, 20 (2083); Tirmizi, Nikah, 14/1102.))

Həzrəti peyğəmbərdən (s. a. v.) belə rəvayət edilib:

"Vəli və iki etibarlı şahid olmadan nikah olmaz. Bu cür kəsilməyən nikah batildir. Əgər öz aralarında razılığa gələ bilməsələr, səlahiyyətli şəxs vəlisi olmayanın vəlisidir". ((Abdulla ibn Yusif Əz-Zeylai, Nasbur-rayə li əhadisil-hidayə, Nikah fəsli, 1-cı hədis, Qahirə, III cild, s. 167.))

İndiki dövrdə vəlisiz nikah kəsilmir. Nikahı təsdiq etməkdə səlahiyyətli orqan isə istər ölkəmizdə olduğu kimi qeydiyyat şöbələri, istərsə xristian ölkələrində olduğu kimi kilsə tərəfindən yerinə yetirilsin, bu orqanların belə bir səlahiyyətə malik olmaları vəlilik səlahiyyətindən istifadə etmələri deməkdir. Nikah kəsən məmurun lazımi araşdırmaları apardıqdan və evlənən tərəflərin razılığını aldıqdan sonra: "Səlahiyyətli şəxsin verdiyi icazəyə müvafiq olaraq sizi ər-arvad elan edirəm", - deyib evliliyi təsdiq etməsi də bundan irəli gəlir.

Həzrəti peyğəmbərin (s. a. v.) evlənmək üçün irəli sürdüyü vəli şərti evliliyin ər-arvaddan başqa səlahiyyətli bir şəxs tərəfindən təsdiq edilməsi şərti deməkdir. Əgər vəli olmasa, yaxud olduğu halda öz vəzifəsini yerinə yetirməsə, o vaxt vəlilik vəzifəsi həmin bölgənin səlahiyyətli şəxsinə keçir.

İslam dini baxımından vəli ancaq bakirə qız üçün tələb olunur. Çünki Qurani Kərimdə ərindən boşanmış qadınlarla əlaqəli belə buyrulmaqdadır:

"Talaq (boşanma) müddəti bitdikdən sonra qadınları ər adayları ilə mərufa uyğun olaraq razılığa gəldikləri zaman, evlənməklərinə mane olmayın..." (Bəqərə 2/232)