Ağrılar, keyimələr, zəiflik, başgicəllənməsi... Cavan insanları


Digərləri 11 Yan 2022 08:25:00 154 0

Ağrılar, keyimələr, zəiflik, başgicəllənməsi... Cavan insanları

Dağınıq skleroz sinir sisteminin iltihabi xəstəliyidir. Xəstəlik baş və onurğa beyninin sinir hüceyrələrinin örtük qişasının, yəni mielinin zədələnməsi nəticəsində özünü büruzə verir.

Autoimmun xəstəlik olan dağınıq skleroz 18-50 yaş aralığında və əsasən qadınlarda rast gəlinir. Nadir hallarda 50 yaşdan sonra qeydə alınır.

Xəstəlik xarici mühit amilləri - viruslar, ekoloji və coğrafi amillər və irsi meyilliliyin qarşılıqlı təsiri nəticəsində yaranır.

Simptomları bədənin müxtəlif yerlərində kəskin və xroniki ağrılar, keyimələr, ikigörmə, zəiflik, başgicəllənmə və s. ilə xarakterizə olunur. Dağınıq skleroz zamanı istənilən nevroloji əlamət müşahidə oluna bilər.

Bunlardan hərəki, avtonom, hissi və görmə problemlərinə daha çox rast gəlinir. Xəstələrin 90 faizində piramid traktın zədələnməsi qeydə alınır. Aşağı ətraflar yuxarı ətraflara nisbətən daha çox zədələnir. Aşağı ətraflarda hemi, para və tetraparez müşahidə olunur. Bu xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti 20 ildən sonra sərbəst hərəkət edə bilmirlər.

Dağınıq skleroz orta hesabla 30-35 ildən sonra əlilliyə səbəb olur. Əlilliyin səbəbi də yerişin pozulması, parezin əlamətləridir. Dağınıq skleroz nadir hallarda ölümə səbəb ola bilər.

Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nevroloqu Aygün Haqverdiyeva məlumat verib.