""Buzlu şüşə" görüntüsü təkcə koronavirusa yoluxma halında deyil..."


Digərləri 10 Yan 2022 22:55:00 137 0

""Buzlu şüşə" görüntüsü təkcə koronavirusa yoluxma halında deyil..."

Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyət stabildir. Nəzərə almaq lazımdır ki, məhdudiyyətlərin aradan qaldırılması koronavirusun yayılmasına zəmin yaradır, prosesi sürətləndirir. Hazırda yoluxma sayı nisbətən az olsa da, COVID-19 təhlükəsi davam edir. Ona görə də vətəndaşlar məsuliyyətli olmalıdırlar. Əhalinin əksər hissəsi vaksinasiyada iştirak etməsə, koronavirusun yayılması aktivləşəcək. Həmçinin pandemiyanın sonlanması üçün COVID-19-un düzgün müayinə və müalicə edilməsi də vacibdir.

Son.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri, həkim-terapevt Cavanşir Məhərrəmov deyib.

Həkim-mütəxəssis bildirib ki, koronavirus xəstələri üçün rentgen müayinəsi, adətən, mənasızdır: "COVID-19-a yoluxmanı göstərən əsas cihaz Kompüter Tomoqrafiyasıdır. KT-də "buzlu şüşə" görüntüsü varsa və şikayətlər koronavirusun əlamətləri ilə üst-üstə düşürsə, xəstənin test nəticəsi neqativ çıxsa belə, mütəxəssisin həmin xəstəyə COVID-19 diaqnozu qoyması mümkündür. Çünki virus aşağı tənəffüs yollarına endikdə test nəticəsi neqativ ola bilər. Doğrudur, "buzlu şüşə" görüntüsü təkcə koronavirusa yoluxma halında deyil, misal üçün, "influenza"da da müşahidə edilə bilər. Lakin qripə yoluxma halında ağciyərlərdə, adətən, bizə bəlli olan pnevmoniya görüntüsü yaranır. "Buzlu şüşə" görüntüsü isə bir az fərqlidir. Bu, daha çox koronavirusa xasdır".

C.Məhərrəmov, həmçinin qeyd edib ki, bayram günlərində "influenza", COVID-19 və ürək-damar xəstəliklərinin patologiyaları ilə müşayiət olunan xəstəliklərlərlə bağlı müraciətlər daha çox olub: "Ürək-damar patologiyalarının kəskinləşməsi isə bir sıra hallarda əvvəl keçirilmiş koronavirusun ağırlaşmasıdır. Buna postkoronavirus sindromu deyilir. Yəni, COVID-19 bir sıra xəstəliklər kimi, ürək-damar problemlərinin, eləcə də infarkt və insultun daha tez yaranmasına səbəb olur".