Professor: "Vətəndaşlar “omikron” ştamının Azərbaycanda qeydə alınmasını nəzərə alaraq..."


Digərləri 10 Yan 2022 22:16:00 210 0

Professor: "Vətəndaşlar “omikron” ştamının Azərbaycanda qeydə alınmasını nəzərə alaraq..."

Yeni növ koronavirusun (COVID-19) "omikron" ştamı digər variantlarla müqayisədə daha yüngüldür, ölüm göstəriciləri aşağıdır. Yəni, koronavirusun "omikron" ştamına yoluxanların sayının sürətlə artmasına baxmayaraq, xəstələr arasında ölüm faizi çox aşağıdır. Hazırda ABŞ-da bütün yoluxma hallarının 90 faizi "omikron"la bağlıdır. Hətta 3-4 gün əvvəl ABŞ-da sutka ərzində rekord göstərici - 1 milyon yoluxma halı qeydə alınıb. Bütün bunlar həmin variantın daha sürətlə yayılma xüsusiyyətlərinə malik olmasını sübut edir. Ona görə də Azərbaycanda da "omikron" ştamının qeydə alınmasını nəzərə alaraq, vətəndaşlar daha diqqətli davranmalı, kütləvi toplaşmalardan, mümkün qədər, uzaq qalmalıdırlar.

Son.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında tibb elmləri doktoru, professor Əlizamin Sadiqov koronavirusun "omikron" ştamı barədə danışarkən deyib.

Professor bildirib ki, "omikron"nun simptomları klassik ştamların əlamətləri ilə, demək olar ki, eynidir: "Həmin ştama yoluxanlarda xüsusilə yuxarı tənəffüs yollarının xəstələnməsi müşahidə edilir. Lakin ağciyərlərin zədələnməsi hallarına da rast gəlinə bilər. Digər ştamlarla müqayisədə daha az kəskindir. Ümumiyyətlə, "omikron" ştamının təhlükəli olmaması təkcə həmin variantın xüsusiyyətləri ilə əlaqədar deyil. Bu, müəyyən qədər də kütləvi vaksinasiyanın effektidir. COVID-19-un hansı ştamının yayılmasından asılı olmayaraq, pandemiyanın sonlanmasının yeganə yolu vətəndaşların kütləvi vaksinasiyasıdır. İstənilən halda, "omikron" ölkədə yenidir. Ona görə də, yeni ştamın ölkənin epidemioloji vəziyyətinə necə təsir göstərəcəyi barədə dəqiq söz demək olmaz. Dünya təcrübəsi isə göstərir ki, ölüm halı yüksək olmasa da, bu variant əhali arasında xəstələnmə hallarını sürətləndirəcək".

Ə.Sadiqov, həmçinin qeyd edib ki, koronavirusun Fransanın Marsel şəhərində qeydə alınan "IHU" ştamı "omikron"dan daha təhlükəlidir: " "IHU" hətta "omikron"dan da yoluxdurucudur və 46 mutasiyası var. Yəni, yoluxduruculuq xüsusiyyəti yüksək olduğuna görə bu ştamın yaratdığı problemlər də çox ola bilər. İlkin proqnozlara görə, "IHU" ştamı ilə yoluxanlar arasında hospitalizasiya olunanlar çox olacaq".