Sən yadıma düşəndə...


Kriminal 10 Yan 2022 21:35:00 186 0

Sən yadıma düşəndə...

Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Elza İbrahimovanın anadan olmasından 84 il ötür

Elə nəğmələr var ki, insan mənəviyyatının zənginləşməsi, duyğularının kamilləşməsində önəmi əvəzsizdir. Həmişəyaşar mahnılarla insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 10-da anadan olmasının 84-cü ili tamam olan Azərbaycanın Xalq artisti Elza İbrahimova bu xoşbəxtliyi qazanmış sənətkarlardandır. Duyğumuza hakim kəsilən "Bilməzdim", "Gecələr bulaq başı", "Ey Vətən", "Qurban verərdim", "Gəl barışaq", "Mehribanım", "Yoxluğunu bilə-bilə", "Mən sənin yanına qışda gəlirdim", "Sən yadıma düşəndə" və digər bu kimi əvəzsiz bəstələr Xalq artisti Elza İbrahimovanı unutdurmağa qoymur.

O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. Elza İbrahimovanı fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmaqla həmkarlarının qibtə etdikləri səviyyəyə ucalıb, ifaçıların rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb, onlarda musiqinin bu və ya digər janrına maraq oyadıb. Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Elza İbrahimova mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə başa vurub.

Görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın əlli ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. Onların arasında fortepiano üçün prelyüdiya və variasiya silsilələri, "Fortepiano üçün sonatina", "Skripka və fortepiano üçün skertso", "İki skripka üçün birhissəli kvartet", dörd hissədən ibarət "Fortepiano üçün trio", simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin meydana gətirdiyi bütün bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.

"Afət" (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış "Yanan laylalar" (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş "Neftçilər himni" bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, "20 Yanvar", "Qarabağ", "Şəhid qardaş", "Səngərlər" əsərləri isə dinləyicilərin yaralarına bir məlhəmdir.

Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünya şöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

Şübhəsiz, Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan "Yalan ha deyil" (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.

Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas olan sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.