Atıraunun girişində 4 nəzarətburaxılış məntəqəsi qurulub


Dünya 10 Yan 2022 08:19:00 156 0

Atıraunun girişində 4 nəzarətburaxılış məntəqəsi qurulub

Qazaxıstanın Atırau şəhərində vilayət mərkəzinin girişində 4 nəzarət-buraxılış məntəqəsi qurulub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə akimatdan (şəhər administrasiyası) bildiriblər.

"Atırau vilayətində keçirilən antiterror əməliyyatı ilə əlaqədar olaraq, bölgədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq edilib. Hazırda vilayət mərkəzinin girişlərində dörd nəzarət-buraxılış məntəqəsi və doqquz mobil qrup fəaliyyət göstərir. Atırau Beynəlxalq Hava Limanı da gücləndirilmiş təhlükəsizlik tədbirləri rejimində işləyir. Burada da bütün sərnişinlər hərtərəfli yoxlanılır. Nəzarət-buraxılış məntəqələrində vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərlə yanaşı, şəxsi əşyaları yoxlanılır, nəqliyyat vasitələrinə baxış keçirilir", - deyə akimatdan bildirilib.

Xatırladaq ki, Atırau vilayətində fövqəladə vəziyyət rejimi qüvvədədir. Komendant saatına əməl olunmasına polislə yanaşı, xüsusi mobil qruplar da nəzarət edir.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.