Sirli məzar, yoxsa minlərlə insanın dərdinə dərman tapdığı məkan?


Kriminal 09 Yan 2022 12:45:00 284 0

Sirli məzar, yoxsa minlərlə insanın dərdinə dərman tapdığı məkan?

Astara rayonunun Züngüləş kəndi ərazisində yerləşən Quru Nəbi kənd qəbristanlığı nəinki kənd camaatı tərəfindən, ətraf kənd sakinləri, qonşu rayonlar və hətta başqa rayonlardan gələnlər tərəfindən də ziyarət olunur.

Hirkan Milli parkının müfəttişi Mədət Kərimov qəbristanlıqda dəfn edilən Nəbi adlı şəxsin öz dövrünün vacib şəxsiyyətlərindən olduğunu deyir.

Onun sözlərinə görə, bu qəbristanlıq orta əsrlərdə salınıb. Dəfn edilən gündən bu günə kimi Nəbinin məzarı ehtiramla yad edilməkdəri. Bu şəxs el arasında "Quru Nəbi" çağırılıb və bu məkan da "Quru Nəbi Piri" adlandırılıb. Elə adamlar da var ki, Quru Nəbinin məzarının başında dua edərək öz arzularına çatır, şəfa tapırlar.

"Niyyət tutub məzar daşının yanında şam və çıraqlar yandırırlar. Quru Nəbi haqqında çox da dəqiq məlumatım yoxdur. Lakin ağsaqqallarımızdan eşitdiyimə əsasən bu şəxs İrandan köçüb gəlib və Züngüləş kəndində məskən salıb. Bu qəbristanlıqda dəfn edilib. Quru Nəbinin seyid və böyük din xadimi olması ehtimal edilir.", - Mədət Kərimov deyib.

Mədət Kərimovun dediyinə görə, dini inancların qadağan olunduğu Sovet hakimiyyəti dövründə də camaat çəkinmədən bu piri ziyarət edib:

"Quru Nəbi böyük şəxsiyyət olub. Hətta sağlığında onun yanında olan insanlar artıq-əskik hərəkət etməkdən çəkinərmişlər. Sovet dövründə də bu piri dağıtmayıblar. Bəlkə də Quru Nəbinin məzarının üstündə xüsusi tikili inşa edilmədiyi üçün nəzərə çarpmayıb. Deyilənə görə, vaxtilə məzarın üzərində pir inşa edilib. Amma səhəri gün kənd camaatı gəlib görüb ki, məzar daşı pirdən aralıda çöldə qalıb. Sanki hansısa qüvvə məzarı pirdən əli ilə ayırıb. Bunun necə baş verdiyini bu günə qədər kimsə bilmir. Bu, ilahi sirr olaraq qalır. Ona görə də bir daha Quru Nəbinin məzarı üzərində hər hansı tikili inşa edilməyib."