ÜST nümayəndələri hesab edirlər ki, “omikron” koronavirusun sonuncu variantı olmayacaq


Dünya 07 Yan 2022 21:25:00 203 0

ÜST nümayəndələri hesab edirlər ki, “omikron” koronavirusun sonuncu variantı olmayacaq

COVID-19 əleyhinə vaksinasiyanın hazırki tempi və vaksinlərin qeyri-bərabər paylanması ilə 2022-ci ilin ortalarına 100-dən artıq dövlət əhalisinin 70 faizini peyvənd edə bilməyəcək. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ÜST-nin Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

Onun həmkarları, jurnalistlərin suallarını cavablandırarkan, koronavirusun yüksək yoluxuculuq qabiliyyətinə malik olan "omikron" ştamının sonuncu olacağına şübhə etdilər. Tedros Qebreyesusun sözlərinə görə yaranmış vəziyyətin əsas səbəbi vaksinlərin ədalətsiz paylanılmasıdır. "Vaksinlərə əlçatanlıqda və ümumilikdə səhiyyə sahəsində xidmətlərə qeyri-bərabərlik ötən ilin ən böyük uğursuzluğu oldu. Vaksinlərə aid qeyri-bərabərlik insanların həlak olmasına, iş yerlərinin itirilməsinə gətirib çıxarır və dünya iqtisadiyyatının bərpasına ziyan vurur", - deyə Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə, "alfa", "beta", "delta", "qamma" və "omikron" variantlarına, qismən, vaksinasiyanın aşağı səviyyəsi səbəb oldu.

Keçən həftə pandemiya başlayandan bəri COVID-19-a yoluxmada ən yüksək göstərici qeydə alınmışdı. "Bu çox güman ki, real göstərici deyil, çünki təqdim edilən rəqəmlər bayramlar zamanı testləşmədə gerilməni, özünü testləşdirmədə təsdiq edilməmiş müsbət nəticələrin sayını və dünyada bəzi halları gözə almayan nəzarət sisteminin həddindən çox yüklənməsi amilini əks etdirmir", - deyə ÜST rəhbəri bildirib.

ÜST-nin Baş direktorunun sözlərinə görə, "omikron"un "delta"ya nisbətən xüsusilə də peyvənd olunmuş insanlarda o qədər də ağır keçmədiyinə baxmayaraq, bu o demək deyil ki, onu "yüngül" variantlar kateqoriyasına aid etmək lazımdır.

"Əvvəlki variantlar kimi "omikron" da insanların xəstəxanaya yerləşdirilməsinə və ölüm hallarına gətirib çıxarır. Əslində, "yoluxma hallarının "sunamisi" o dərəcədə güclüdür və elə sürətlə hərəkət edir ki, bütün dünyada səhiyyə sistemlərinin həddindən artıq yüklənməsinə gətirib çıxarır", - deyə Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə xəstəxanalar həddindən artıq dolu olur, orada kifayət qədər tibbi heyət mövcud deyil. Pasiyentlərin vaxtlı-vaxtında yardım ala bilmədiklərinə görə nəinki COVID-19, digər xəstəliklərdən və xəsarətlərdən də qarşısı alına bilən ölüm hallarından qaçmaq mümkün olmur.