Elon Maskın böyük böhran proqnozu özünü doğruldacaqmı?


Dünya 07 Yan 2022 11:10:00 159 0

Elon Maskın böyük böhran proqnozu özünü doğruldacaqmı?

"Maliyyə böhranının baş verməsi proqnozunu ilk olaraq Elon Mask verməyib. Daha əvvəl də bir sıra iqtisadçılar oxşar proqnozlar veriblər. Lakin bu proqnozların daha gec reallığa dönüşməsi böhranın miqyasının daha da böyüməsi ilə nəticələnə bilər."

Son.az xəbər verir ki, bu fikirləri bizim.media-ya müsahibəsində iqtisadçı ekspert Elçin Rəşidov bildirib. Belə ki, nüfuzlu biznesmen Elon Maskın 2022-ci ildə dünyanı gözləyən maliyyə böhranı ilə bağlı xəbərdarlığını şərh edən ekspertin qənaətinə görə, amerikalı iş adamının "peyğəmbərliyi" (proqnozları) əksər hallarda özünü doğruldur:

"Maskın öz-özünü doğruldan peyğəmbərliyi insanlara ciddi təsir edir. Əgər o, hər hansı batmış şirkətin səhmlərinin dəyərinin artacağını desə, əksər iş adamları dərhal həmin hissələri alaraq, şirkəti iflasdan xilas edəcək. Maskın açıqlamasını qeyri-ciddi qəbul etmək də olar. Çünki Teslanın "CEO"su iqtisadçı deyil və böhran proqnozu 1 ilə yaxındır ki, verilir. Bu səbəblərdən ötürü Mask maliyyə böhranını başladan şəxs olmasa belə, katalizator rolunu oynaya bilər".

Bəs, iqtisadçıların böhran proqnozları verməsinə səbəb nədir?

"İlk növbədə, bütün dünyada pandemiyanın tüğyan etdiyi iki il ərzində iqtisadiyyata ortalama olaraq il ərzində 9 trilyona yaxın pul buraxılıb. Bu isə, dünya ÜDM-nin 10%-nə bərabərdir. Hətta pul buraxmaq ölkələr arasında yarışa da çevrilmişdi. Az pul buraxan ölkələrin iqtisadiyyatları kiçilirdi. Lakin verilən pulların arxasında dəyər dayanmadığı üçün, köpük effekti əmələ gətirdi. 

Maraqlısı budur ki, ev təsərrüfatları da pandemiya səbəbindən, gələn gəlirləri xərcləmək yerinə, səhmlərə yönəltdilər.

Xüsusilə də, böyük şirkətlərin səhmləri daha çox "şişdi". Hətta tarixdə ilk dəfə trilyona çatan şirkətlər də oldu. Amma pandemiya dönəmində, bizneslər əvvəlki kimi çalışmadığından, həmin investisiyaların arxasında gəlir dayanmırdı.

Bütün maliyyə böhranlarına nəzər salsaq onların müxtəlif olduğunu görə bilərik. Lakin hər zaman "qırmızı xətt" eyni idi; qiymətlərin dəyərlərə nəzərən "şişməsi". Hal-hazırda da bu proses baş verir".

Vəziyyət 2000-ci il böhranını xatırladır...

"Lakin böhran proqnozunu verən ölkələr də siyasi səbəblərdən pul buraxılmasını dayandıra bilmədilər. Bundan əlavə, ayrı-ayrılıqda hər hansı bir ölkənin çəkilməsi də mümkünsüzdür. Hətta ABŞ Mərkəzi Bankı "FED" belə, təəccüblə qarşılanmasına baxmayaraq, yüksək riskli və faizli səhmlərə yatırım etdi. Bütün bu tip addımların əsas səbəbi isə, pandemiyanın yaxın zamanda yekunlaşması və iqtisadiyyatların normala qayıtması proqnozu üzərində qurulmuşdu.

Lakin indi görünür ki, əvvəlki vaksinlərin effektivliyi get-gedə azalır. Yoluxmaların sayı da yenidən artır. Bu amillər oyunun qaydalarını poza bilər. 

İndiki situasiya daha çox, 2000-ci il böhranını xatırladır. Belə ki, bəzi iqtisadçılar kriptovalyutaların həddən artıq şişdiyini bildirirlər. Partlayışın bu sahədə baş verməsi mümkündür.

Yəni, "domino effekti" dedikdə, hansı daşın ilk öncə yıxılıb digərlərini aşıracağı bəlli olmasa da, daşların yıxılmağa hazır vəziyyətə gəldiyi aydın görülür. Hətta vaksinlər effektiv olsa belə, işsizliyə ən böyük səbəb olan servis sektorunun əvvəlki vəziyyətə qayıdacağı inandırıcı görünmür.  Eyni zamanda, əvvəldə qeyd etdiyimiz Mərkəzi Bankın xilas etdiyi riskli fondlara, bazardakı alıcılar da yatırım etmişdi. Onlar isə, bankrot olmağa hazırdırlar".

Böhran yaxınlaşır...

"Sonda isə qeyd edək ki, 2022-ci ildə böhranın baş verməsi ehtimalı var. Lakin buna qarşı iqtisadi tədbirlər görülə bilər. Bunun üçün isə, dünyanın müxtəlif bankları birgə hərəkət etməlidirlər. Belə olan halda isə, siyasi konsensusa ehtiyac yaranır. Bu isə, hələlik mövcud deyil..."