Bu il Azərbaycanda hiss edilən zəlzələlərin sayı açıqlandı


Digərləri 29 Dek 2021 20:24:00 278 0

Bu il Azərbaycanda hiss edilən zəlzələlərin sayı açıqlandı

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bu il ərzində ümumilikdə 14 min 652 yeraltı təkan qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib.

Onun sözlərinə görə, bunlardan 3960-ı yerli (Azərbaycan ərazisi), 7975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir.

"Azərbaycan və ona bitişik ərazilərdə 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib. Ölkə ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş olub. İl ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik yüksək olub. Böyük Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən bölgəsində seysmiklik zəif olub.

Bununla yanaşı, Xəzər dənizində seysmikliyin fon səviyyəsində olması müşahidə olunub. İran-Türkiyə sərhəddində, Gürcüstan-Ermənistan sərhəddində seysmiklik yüksək olub. Bundan başqa, Şıxzəhirli, Quşçu və Xəzər dənizindəki Daşlı palçıq vulkanlarında püskürmə qeydə alınıb" - Q.Yetirmişli deyib.

"Beynəlxalq qrant layihəsi çərçivəsində bu il ölkəmizə 22 yeni seysmik stansiya gətirilib. Həmin stansiyalardan 3-ü artıq fəaliyyətə başlayıb, digər stansiyaların isə quraşdırılması prosesi davam etdirilir.

Bu stansiyalardan 12-si palçıq vulkanlarının ətrafında quraşdırılacaq ki, bu da vulkanların seysmik stansiyalar vasitəsi ilə izlənməsi və orada gedən proseslərin öyrənilməsi sahəsində dünyada ilk nümunə olacaq".