Zeynəb Xanlarova 85 yaşında


Şou-biznes 28 Dek 2021 12:30:00 188 0

Zeynəb Xanlarova 85 yaşında

Dekabrın 28-i SSRİ xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı və "Heydər Əliyev" ordeni laureatı Zeynəb Xanlarovanın ad günüdür.

Son.az olay-a istinadən xəbər verir ki, müğənninin 85 yaşı tamam olur.

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.

Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Sənətkarın repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.

Z.Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. "Şöhrət" ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın ozamankı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb.

Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.

Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır.