“Art Zone Week” Simpozium


Digərləri 27 Dek 2021 10:44:00 170 0

“Art Zone Week” Simpozium

Çox qısa müddətdə ölkənin incəsənət cameəsində populyarlıq qazanmış "Art Zone Week" rəngkarlıq Simpoziumu bəlli çətinliklərə rəğmən ötən ildə iki dəfə bu mədəniyyət tədbirini uğurla həyata keçirə bildi. Bu uğurda ilk növbədə tədbirdə iştirak edən Azərbaycanın görkəmli rəssamların fədakar əməyini qeyd etmək lazımdır. Vətən Müharibəsində qazanılmış şanlı qələbəmizdən bəhrələnən fırça ustalarımız düşüncələrində yaratdığı obrazları kətan üzərinə köçürməklə incəsənətimizə öz növbəti tövhələrini verə bildilər.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutan 4-cü Simpozium yeni il ərəfəsində, ənənəvi olaraq başı qarlı, möhtəşəm "Şahdağ" Turizm Mərkəzində keçirilirdi. Respublikamızın sayılıb seçilən, adlı-sanlı rəssamları üçün "Şahdağ" Hotel & SPA-da yaradılan ideal şəraitdə yaşayıb-yaratmaqdan həzz alaraq gözəl sənət nümunələri ərsəyə gətirdilər. Simpoziumun formatına uyğun olaraq, bu əsərlər yazın əvvəlinədək "Şahdağ"a gələn yerli və xarici qonaqların diqqətinə təqdim ediləcək, onların zövqünü oxşayacaq. Bu isə gözəl bir sosial layihənin nəticəsi kimi Azərbaycan mədəniyyətinin və incəsənətinin fərqli formada təbliği anlamına gəlir. Qeyd olunduğu kimi, turizm sənayesi ölkəmizin qədim tarixinin, unikal coğrafiyasının, zəngin mətbəxinin nümayişi ilə bərabər, eyni zamanda mədəniyyətinin, incəsənətinin təbliği üçün gözəl imkanlar yaradır. İnsan həm də mənəvi qidaya möhtacdır. "Art Zone Week" Simpoziumu rəngkarlıq sənəti vasitəsi ilə fırça ustalarımızla birbaşa təmas yaradır, mənəviyyatımıza rəng qatır və mədəniyyətimizi daha da zənginləşdirir. 

Simpozium rəssamların mütəmadi olaraq bir məkanda yaşayıb yaratmaqları üçün unikal bir platformadır. Bu dəfəki "Art Zone" həftəliyinin iştirakçıları yeni əsərlər yaratmaqla bərabər, onların yaradıcılığına həsr olunmuş kiçik metrajlı sənədli filmlərə baxış keçirdilər. İncəsənətimizin fəadilərinə, rəssamlarımızın fərqli formatda tanıtımına həsr olunan bu filmlər yeni ildən "Xəzər" televiziyasında nümayiş etdiriləcək.

Ənənəyə sadiq qalaraq Simpoziumun keçirildiyi bölgənin orta məktəblərində təhsil alan şagirdləri və rəssamlığa həvəs göstərən gənclər "Art Zone"nın qonağı oldular. Adəti üzrə tanınmış fırça ustaları onlara "Ustad dərsləri" keçirdilər, rəngkarlıq sənətinin incəliklərindən söhbət açdılar. Ölkənin say-seçmə rəssamları ilə yaradılan birbaşa təmas, gənclərin həyatında yaşatdığı hisslər onların doğru dürüst formalaşmasında əlbəttə ki, öz müsbət nəticəsini göstərəcəkdir. "Art Zone Week" Simpoziumu qarşısında qoyduğu məqsədlərdən biri də bu kimi sosial məsuliyyətləri yerinə yetirməkdən ibarətdir.