Tələbəsi ilə ailə qurdu, iki ayağı kəsildi, oğlunun toy günü öldü


Kriminal 26 Dek 2021 13:00:00 175 0

Tələbəsi ilə ailə qurdu, iki ayağı kəsildi, oğlunun toy günü öldü

Son.az Kulis.az-a istinadən Xalq artisti Muxtar Maniyev haqda 10 maraqlı faktı təqdim edir.

1. Muxtar Maniyev 4 aprel 1935-ci ildə Bakıda doğulub. Atası Qala kəndindən, anası İçərişəhərlidir. Atası ilə anası xalaoğlu, xalaqızı olublar. Ailədə 8 uşaq olublar, altı qardaş, iki bacı. İlk təhsilini 199 saylı məktəbdə alıb. Uşaqlıq illərində aktyor olmaq həvəsində olmadığından Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənətinə istiqamətlənib. Mühəndis diplomu aldıqdan sonra o, sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil almağa başlayıb.

2. Həyat yoldaşı Nəsibə ilə kinostudiyanın nəzdində açılmış aktyor kurslarında tanış olublar. Həmin kurslara Adil İsgəndərov rəhbərlik edirdi. Nəsibə isə burada aktyorluqdan təhsil alır. Muxtar Maniyev orada tələbələrə dərs deyən zaman Nəsibəni görüb bəyənir və onlar ailə qururlar.

3. Aktyor şəkərli diabetin ağır formasından əziyyət çəkib. Xanımı hər zaman onun yanında olub, qayğısına qalıb hətta teatr məşqlərinə, çəkilişlərə Muxtar Maniyevin ardınca gedərək ona termosda limonlu çay aparırmış.

4. Ailə qurandan sonra siqareti və içkini tərgidib. 81 il yaşayan aktyor fiziki cəhətdən çox güclü olub. Cavanlığında üzgüçülüklə, boksla, güləşlə məşğul olub. Mütaliə etməyi çox sevib. Moskvada çıxan bütün qəzet və jurnallara abunə olub.

***

5. Evlilikdən onların üç oğlu olub. Aktyor oğlanlarına qarşı çox diqqətli olub. Həftədə bir dəfə o, ailəsini Fəvvarələr meydanındakı "Nərgiz" kafesinə apararaq deyirmiş ki, uşaqlar çəngəl-bıçaqla rəftar etməyi öyrənsinlər, süfrə mədəniyyətinə bələd olsunlar.

6. Sənətini çox sevib, rolun böyük-kiçikliyinə baxmayıb. Amma xasiyyətcə ötkəm adam olub. Bəzən belə olub ki, onu filmə təsdiq ediblər, amma səhəri gün çəkmək istəməyiblər. Və ya baş rola təsdiq edib, ikinci dərəcəli rola çəkiblər.