Qardaşının ölümünü ondan gizlədilər, həkimlər övlad qadağası qoydu, “Ağlama, Zaur” şeirini yazdı


Kriminal 26 Dek 2021 11:00:00 166 0

Qardaşının ölümünü ondan gizlədilər, həkimlər övlad qadağası qoydu, “Ağlama, Zaur” şeirini yazdı

Son.az Kulis.az-a istinadən şairə Nurəngiz Gün haqqında maraqlı faktları təqdim edir.

Əslən Ərdəbildən olan Nurəngiz Quliyeva 21 sentyabr 1938-ci ildə Bakı şəhərində dünyaya gəlib. Ailədə üç bacı, üç qardaş olublar.

***

Ana babası Mirzə Ələkbər Əfəndi Hacızadə dövrünün məşhur həkimi olub, kimsəsiz insanlara əl tutub. Görkəmli dramaturq Hüseyn Cavidin yaxın dostu Mirzə Ələkbər Əfəndi 1937-ci ildə "pantürkist" damğası ilə repressiya olunub. 

Nurəngiz Günün gəncliyi

O, orta məktəbi bitirəndən sonra 1 saylı Bakı Tibb Məktəbinə daxil olur. Buranı başa vurandan sonra isə İncəsənət universitetinə daxil olur. Azərbaycan Televiziyasının ilk diktorlarından biri kimi fəaliyyət göstərir, populyar verilişlərin aparıcısı kimi tanınır. 1979-cu ildən sonra o, böyük ədəbiyyata yazıçı kimi "Tanrı bəşər övladıdır" povesti ilə gəlir.

***

Ailəsindəki itkilər Nurəngiz Günü gənc yaşlarından haqlayır. Əvvəl atasını, daha sonra isə anasını və qardaşını itirir.

***

Bir müddət işlədikdən sonra o, televiziyadakı işindən könüllü ayrılır. İncəsənət universitetində müəllim kimi fəaliyyətə başlayır.

Nurəngiz Gün qızı Jalə ilə

1965-ci ildə 27 yaşında televiziyada musiqi verilişlərinin redaktoru kimi fəaliyyət göstərən Fazil adlı insanla tanış olur. Bir-birlərini bəyənən bu iki insan ailə qururlar. 1966-cı ildə Nurəngiz xanımın qızı Jalə dünyaya gəlir. Nurəngiz Günün ürəyində ciddi problem yarandığı üçün həkimlər ona növbəti dəfə ana olmağı qəti şəkildə qadağan edirlər.

***

Bu haqda qızı Jalə Əliyeva müsahibələrinin birində deyir:

"Anamın hələ gənc yaşlarında ürəyində problem var imiş. Həkim ona ikinci uşağı dünyaya gətirməyə qadağa qoyubmuş. Onun üçün mənim qardaşım və bacım olmayıb... Uşaq idim, bir gün evdə təsadüfən eşitdim ki, xəstəlik anamı hər an əlimizdən ala bilər. Çox qorxmuşdum. Uşaqlığım onu itirmək qorxusuyla keçdi. Hər an səksəkədə idim. 16 yaşımda ad günümü qeyd eləyəndə mənə bir fransız ətiri hədiyyə elədi. Çox qəribədir ki, mən o ətiri evdə uşaqlığımdan bəri görürdüm, amma anam o ətirə yaxın qoymurdu məni. Sən demə, onun içində sirr varmış. Ürəyində ciddi xəstəlik olduğunu eşidəndə bu ətirin üstünə yazıb ki, "Jalim, böyüyüb gənc qız olanda bu ətiri vurarsan. Anan bunu sənə 16 yaşın münasibəti ilə hədiyyə edir". Hesab edib ki, o zamana qədər yaşamayacaq".

Gənclik

Deyilənə görə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının qəhrəmanı Təhminənin prototipi Nurəngiz Gün olub. Şairə "Ağlama Zaur, ağlama" adlı şer də yazıb. Sağlığında bu barədə müsahibələrinin birində deyir:

"Anar məni diktor kimi tanıyırdı. Ola bilsin, mənim danışıq tərzim, ifadələrim onun yadında qalıb. Təhminə də diktor idi. Onun əsərdə yaşadıqları isə heç uyğun deyil mənim həyatımla. Açığını deyim ki, Anar əsəri çox güclü yazıb. Rejissor işi isə alınmayıb. Yəni bu filmi çəkə bilməyiblər. Təhminənin iç dünyası gözəl idi. Filmdə isə onun etdiyi hərəkətlər, vərdişləri mənə yaddır. O, mənə necə oxşaya bilər axı? Getdi içdi, həyatını itirdi. Mən isə ana südündən başqa ancaq su içmişəm. Onu yazan bilir ki, kimin həyatını qələmə alıb. O əsərdə həyatı qələmə alınan adam ölüb".