Həkimnarkoloqdan xəbərdarlıq


Digərləri 20 Dek 2021 21:59:00 122 0

Həkimnarkoloqdan xəbərdarlıq

Valideynlər övladlarının narkotik bəlasına düçar olduğunu bir neçə əlamətlə müəyyən edə bilərlər. Belə ki, həmin şəxslərdə tez-tez əhval-ruhiyyənin dəyişməsi qeydə alınır. Səbəbsiz olaraq həm qəmgin, həm də anidən sevincli olurlar. Bundan əlavə, bir müddət sonra aqressivlik başlayır. Sadəcə, ailə üzvlərinə deyil, dost-tanışa qarşı aqressivlik daha da artır. Bunun səbəbi, yeni dostların, tanışların olmasıdır. Həmçinin yuxu, iştaha pozulması, kəskin arıqlama gördükdə təcili dispanserə və ya bu sahə üzrə mütəxəssisə müraciət edilməlidir. Ekspres test üsulu ilə hər hansı bir psixoaktiv maddə istifadəsini müəyyənləşdirmək olur. Sonra psixoaktiv maddənin növü təyin olunur və ona uyğun müalicə tərtib edilir. Xəstənin vəziyyətindən asılı olaraq, stasionar və ya ambulator şəraitdə müalicə təyin olunur. 18 yaşdan yuxarı narkotik vasitə istifadəçiləri qeydiyyata alına bilir. Çünki yaşı 18-dən yuxarı olanlarda stasionar müalicəyə icazə var. 18 yaşa qədər olanlarda isə məcburi müalicə təyin edilməyibsə, həmin müalicə məhkəmə qərarı əsasında verilir. Qeydiyyatda olanlar əsasən iki-üç ildən çox müddətdə narkotik vasitə istifadə edənlərdir. Onlar istifadənin son həddinə çatdıqdan sonra həkimə müraciət edirlər. İlkin dövrlərdən narkotik maddə istifadəsinin qarşısı alınarsa, bu zaman müalicənin effekti yüksək olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-narkoloq Fizzə Baxışova deyib.

F.Baxışovanın sözlərinə görə, hazırda yeniyetmə və gənclər arasında narkotik maddə istifadəsinin qarşısının alınması məqsədilə maarifləndirmə işlərinə daha çox üstünlük verilir, psixoaktiv maddələrin törətdiyi fəsadlar haqqında danışıqlar aparılır. Görüşlər zamanı psixoaktiv maddələrin ilk istifadə dövrlərində yaratdığı yalançı "xoş hisslər" barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, iki-üç dəfə istifadədən sonra həmin maddələrdən asılılıq yaranır. Narkomaniyadan əziyyət çəkənlərin bir qismi özləri kimi digərlərini də narkotik bataqlığına salmaq üçün ətraflarına yeni insanları cəlb etməyi xoşlayırlar. Gəncləri, yeniyetmələri məlumatlandıran zaman deyirik ki, onlara hansısa bir dərman vasitəsi təklif olunarsa, onu araşdırsınlar. Psixoaktiv maddələr barədə məlumat nə qədər çox olarsa, bir-iki dəfə istifadədən sonra alınan saxta həzz barədə şirnikləndirici vədlər gəncləri yanıltmayacaq və onlar aldanmayacaqlar.

Həkim-narkoloq övladlarını "ağ ölümdən" uzaq tutmaq üçün valideynləri ayıq-sayıq olmağa və nəzarəti axsatmamağa çağırıb: "Valideynlər yeniyetmələri, gəncləri nəzarətdə saxlamalıdırlar. Bundan əlavə, narkotik vasitə istifadə edən şəxslərdə ilk əvvəllər ehtiyac olmasa da, sonradan səbəbsiz pul istəmələr, evdə qiymətli əşyalar, pul itkilərinin baş verməsi qeydə alınarsa, həyəcan təbili çalmaq lazımdır. Yeniyetmə və ya gənc pul istəyirsə, onu hara xərclədiyi məlum olmalı, dost-tanışlarının, yeni tanış olduğu insanların kimlər olduğu, nə işlə məşğul olduqları araşdırılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyib ki, bir dəfə psixoaktiv maddə istifadə edən şəxs ondan asılı vəziyyətə düşə bilər. Yəni, bir dəfə istifadə belə bu yoldan geri dönüşə çətinlik yarada bilər. Odur ki, valideynlər ayıq-sayıqlığı əldən verməməli, yeniyetmə və gənclər isə onlara belə maddələri təklif edən insanlardan uzaq durmalıdırlar".