“Gənclərə dəstək” konserti keçirildi FOTOlar


Kriminal 17 Dek 2021 13:51:00 177 0

“Gənclərə dəstək” konserti keçirildi  FOTOlar

Gürcüstanın Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsinin 5 illik yubileyinə həsr olumuş konserti keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı,  Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkətinin dəstəyi ilə baş tutmuşdur.

M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində (Tbilisi)  "Gənclərə dəstək" layihəsinin 5 illik yubileyinə həsr olumuş konsertdə ön sözlə çıxış edən layihənin koordinatoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə qeyd etdi ki: " "Gənclərə dəstək" layihəsinin əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, məqsədimiz: dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb".

Proqramda "Gənclərə dəstək" layihəsinin gənc musiqiçiləri, respublika və beynəlxalq müsabiqələr laureatları çıxış etdilər: Natəvan Həsənova (qanun), Zümrüd Əlizadə  (piano), Həzrət Əzizli (xanəndə), Surə Rüfət (violin), Teymur Kazımov (vokal), Hüseyn Əliyev (vokal), Ərtoğrul Balayev (piano), Nərgiz Əliyeva (Azərbaycan Respublikasının Əməkdar artisti, konsertmeyster), Dilarə Kərimova (konsertmeyster).

Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc istedadlı musiqiçilərə xüsusi diqqət göstərilir. Məhz bu məqsədlə, 15 noyabr 2016-cı ildə Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi və Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadənin təşəbbüsü ilə "Gənclərə dəstək" layihəsi yaradılmışdır. Bu il layihənin 5 ili tamam olur.

Konsertin sonunda iştirakçılar diplom və təşəkkürnamələr ilə təltif olunmuşlar.