Yens Stoltenberq: Uzun illər ərzində NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq olub


Siyasət 15 Dek 2021 00:18:00 171 0

Yens Stoltenberq: Uzun illər ərzində NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq olub

Uzun illər ərzində NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə etdik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Azərbaycanın NATO-nun Əfqanıstandakı sabiq missiyasına mühüm töhfələr verdiyini vurğulayan Yens Stoltenberq deyib: "Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun".

Baş katib deyib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir: "Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik".

NATO-nun mənzil-qərargahına gəldiyi üçün Prezident İlham Əliyevə təşəkkür edən Yens Stoltenberq NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib.