Nərminə Məmmədzadənin "Müharibənin səsi" adlı kitabı təqdim olundu


Kriminal 12 Dek 2021 13:34:00 168 0

Nərminə Məmmədzadənin "Müharibənin səsi" adlı kitabı təqdim olundu

Olmayan müsahibə... AYB və AJB üzvü, yazıçı Nərminə Məmmədzadənin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə yazıları bu cür adlanır. Gənc yazıçı bu silsiləni şanlı qələbəmizdən dərhal sonra, kimiləri qələbə sevincini,kimiləri isə qəlbində dözülməz ağrılarla cəbhədən dönməyən doğmalarının itkisini  yaşayarkən yazmışdı.Bu hekayələr ürəklərində arzuları,istəkləri yarımçıq qalmış, hələ ailə qurmağa macal tapmamış gənclərdən bəhs edir. O gənclərdən ki ,artıq bir daha ata-anaları,bacı-qardaşları , həyat yoldaşları və övladları onların  üzünü görməyəcək, heç vaxt onları qucaqlayıb öpə bilməyəcəklər. Göz yaşları tökmədən, qəlb ağrımadan, oxunması mümkün olmayan 56 hekayə...

Bütün bu yazılar və "Müharibənin səsi" adlı hekayə yazıçı Nərminə Məmmədzadənin üç dildə-Azərbaycan,Rus və İngilis dillərində nəşr olunmuş eyni adlı kidabına daxil edilmişdir, deyə Trend xəbər verir.

Kitabın təqdimat mərasimi Bakı kitab mərkəzində keçirildi. Gecə, Azərbaycanın işğal olunmuş ərazilərini erməni aqressorlarndan azad etmək uğrunda öz həyatlarını qurban vermiş şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başladı.Təqdimatda kitabın qəhrəmanları olan şəhidlərin doğmaları,Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Faiq Ağayev və ictimaiyyət nümayəndələri iştirak etdilər.Bakı kitab mərkəzinin direktoru ,yazıçı Günel Rzayeva qeyd etdi ki, mərkəzdə 44 günlük  Vətən müharibəsinə və şanlı qələbəyə həsr olunmuş bir çox tədbirlər keçirilmişdir. Lakin məhz Nərminə Məmmədzadənin müəllifi olduğu bu layihəni onların arasında ən qeyri -adi layihə adlandırmaq olar:müəllif şəhidlərin ruhları ilə elə söhbət edir ki, sanki onlar canlı olaraq onun qarşısında əyləşib suallara cavab verirlər.Eyni zamanda bu oçerklər real hadisələrə əsaslanır.

Hər bir müsahibənin başlıca cəhəti onun sonuncu və ən vacib sualıdır: "Sonda doğmalarına nə demək istərdin?"

Bu suala cavab vermək o qədər də asan deyil. Axı ölümdən əvvəl ailəsinə son kəs zəng etmək heç də hər bir qəhrəmana nəsib olmayıb.

Beynəlxalq muğam mərkəzinin direktoru Murad Hüseynov təqdimatda şəhidlərin xatirəsinə həsr edilmiş, özünün müəllifi olduğu "İthaf" əsərini olduqca təsirli ifa etdi.Gənc müğənni Cavid Məmmədov "Qarabağdan Salam" ( Məktub)adlı müəllif mahnısını ifa elədi.Şairələr Şahrun Süleymanlı və Nailə Balakişiyeva da tədbirdə öz fikirlərini bölüşərək şəhidlərə həsr olunmuş şeirlərini oxudular.

Bu çox ağır bir gecə idi. Şəhid anaları, ataları, bacı-qardaşları, həyat yoldaşları və digər doğmalarının simaları. Hər kəsin gözləri yaşlı olsa da ürəkləri qürur hissi ilə dolu idi. Onlar öz canlarını Vətən yolunda, doğma torpaqları azad etmək uğrunda fəda etmiş, xalqın qəlbində əbədi yaşayacaq qəhrəman övladları ilə fəxr edirdilər.

Onlar öz müqəddəs qanları ilə bu günləri bizə bəxş etmiş ,əsil şərəf və ləyaqət rəmzi olan xilaskar döyüşçülərimiz, şəhidlərimizdir.

"Bu çox çətin, emosional cəhətdən olduqca ağır və ürək ağrıdan bir layihə idi.Bu haqda hələ çox hekayələr, kitablar yazılacaq. Lakin bu yazıları daha əziz edən odur ki,hər dəfə onları oxuyanda o şəhidlərin səsləri onların doğmalarının qəlbində əks-səda verəcək.Çox təəssüf ki, heç bir müharibə qurbansız olmur. Və əlbəttə Vətənin hər qarış torpağı uğrunda cəsarətlə döyüşən, qələbə yolunda görünməmiş şücaət göstərən qəhrəman qardaşlarımızı itirmək olduqca ağır və ağrılıdır.Lakin şəhidlər heç vaxt ölmürlər. Onların ruhları hardasa Qarabağ səmalarında təbəssümlə qanad çalaraq bizləri izləyir. Dünya öz qəhrəmanlarını tanımalıdır. Elə buna görə də kitab eyni zamanda Rus və İngilis dillərində də təqdim olunub. Vətənimizin azadlığı və müstəqilliyi yolunda öz çanından keçmiş qəhrəmanlarımızı daim yad edəcəyik", deyə Nərminə Məmmədzadə qeyd etdi.

Nərminə xanımın özünü isə ürəkdən alqışlayırıq. O bu hekayələri göz yaşları və qəlb ağrısı içərisində yazmışdır. Bu gündən etibarən bütün bu şəhid ailələri onu öz qızları və bacıları hesab edirlər.Nərminə şəhidlərin heç biri ilə şəxsən tanış olmasa da, bu mərhum qəhrəmanların əvvəlki həyatlarından, uşaqlıqlarından ,dostlarından, sevdiklərindən ailələrindən, hobbilərindən, arzu və istəklərindən olduqca səmimi  söhbət açır.Bu haqda bütün məlumatları isə o, şəhidlərin doğma və yaxınlarından əldə edib.