Ulu öndərin əziz xatirəsinə həsr olunmuş gecə keçirildi FOTOlar


Kriminal 11 Dek 2021 17:10:00 160 0

Ulu öndərin əziz xatirəsinə həsr olunmuş gecə keçirildi  FOTOlar

Dekabrın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunan anım gecəsi keçirilib

.

Gecədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, dövlət və yaradıcı qurumların rəhbərləri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirdi ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində dərin kök salıb:

"Bunun əsas səbəbi ondan ibarətdir ki, ümummilli lider bütün şüurlu həyatını xalqının, dövlətinin rifahına həsr etmişdi. Ulu öndər hələ Azərbaycan SSR Mərkəzi Komitəsinin Birinci katibi işlədiyi dövrdə ölkəmizin neft sənayesi, kənd təsərrüfatı, habelə ziyalı potensialı və digər sahələrin daha da inkişaf etməsi üçün böyük xidmətlər göstərmişdi. Tarix elə gətirdi ki, ulu öndər ikinci dəfə siyasi hakimiyyətə gəldi. Böyük dövlət xadimi ölkəmizin ağır günlərində xalqın tələbi ilə hakimiyyətə gəldi və respublikamızı düşdüyü çətin vəziyyətdən çıxarılması üçün çox böyük zəhmətlərə qatlandı. Ölkənin hərtərəfli inkişafı üçün mühüm islahatlar həyata keçirdi. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib".

Muxtar Nağıyev söylədi ki, ulu öndərin ən böyük xidmətlərindən biri də Azərbaycan xalqını özündən sonra etibarlı əllərə ərməğan etməsidir:

"Ulu öndər sağılığında ifadə edirdi ki, bizim görə bilməyəcəyimiz işləri bizdən sonra gələnlər həyata keçirəcək. O, deyirdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra Azərbaycan xalqına vəd etdiyi bütün sözləri həyata keçirdi. Bu işlərin nəticəsidir ki, onun rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı. Otuz ilə yaxın həsrətini çəkdiyimiz Qarabağ işğaldan azad edildi. İlham Əliyev Vətən müharibəsinə əsl sərkərdə kimi rəhbərlik etdi. Eyni zamanda dünya ilə təkbətək informasiya müharibəsi apardı. Artıq bir ildən artıqdır ki, torpaqlarımız işğaldan azad edilib. Bu gün azad olunan torpaqlarda geniş quruculuq işləri aparılır. Bu işlərin nəticəsində həmvətənlərimiz yaxın zamanlarda öz dədə-baba yurduna qayıdacaq".