Tamaşaçılar teatrdan ötrü çox darıxıblar… FOTO
Digərləri 10 Dek 2021 16:44:00 120 0
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dekabr ayında nümayişi nəzərdə tutulan əksər tamaşalara bütün biletlər satılıb, bəzilərinə isə yerlər olduqca məhduddur. Bu barədə Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib: "Sevindirici haldır ki, iki ilə yaxın yorucu fasilədən sonra teatrımıza bu qədər tamaşaçı axını var və burada həyat öz əvvəlki axarı ilə davam edir. Bir-birindən baxımlı səhnə əsərlərinə tamaşaçıların günbəgün artan marağından da hiss olunur ki, onlar teatrdan ötrü çox darıxıblar.
Bu ayın sonlarında oynanılacaq "Paris Notr-Dama ithaf" (V.Hüqo, səhnələşdirən: S.Qulamov) tamaşasına biletlər artıq bir ay öncədən satılıb qurtarıb. "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva), "Baladadaşın toy hamamı" (Elçin), "999-cu gecə" (F.Əmirovun musiqiləri əsasında) səhnə əsərlərinə də "İticket.az" onlayn bilet satışı portalında bilet tapmaq mümkün deyil. "Bir nəfəs qədər" (səhnələşdirən: S.Qulamov) və "Beş manatlıq gəlin" (S.Rüstəmov, M.S.Ordubadi) tamaşalarının premyeralarınına da demək olar ki, biletlər qalmayıb.
Əslində bu çox müsbət haldır ki, vaxtı ilə teatrların tamaşaçı qıtlığı yaşayacağı ilə bağlı bədbin proqnozlar alt-üst olur və teatr icmasında xoş ovqat yaradır.
Qeyd edək ki, teatrda uşaqlar üçün də tamaşalar bərpa olunub. Bu ayın 29-dan yanvarın 4-nə qədər gündə iki seans olmaqla, balaca dostlarımız üçün nağıl-tamaşalar nümayiş olunacaq.
Teatrımızın repertuarı həmişəki kimi zəngindir, bununla yanaşı, müxtəlif rejissorların təqdimatında fərqli-fərqli janrlarda tamaşalar hazırlanır.