Avstriyada peyvənddən boyun qaçıranlar hər rüb 600 avro cərimə ödəyəcəklər


Dünya 06 Dek 2021 22:25:00 100 0

Avstriyada peyvənddən boyun qaçıranlar hər rüb 600 avro cərimə ödəyəcəklər

Avstriyada gələn il fevral ayından qüvvəyə minəcək koronavirusa qarşı məcburi vaksinasiya barədə qanunun ilk layihəsi ictimailəşdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qanun layihəsində koronavirusa qarşı peyvənd olmaqdan boyun qaçıranlara üç ay müddəti üçün 600 avro cərimə nəzərdə tutulur. Layihəyə əsasən, peyvənd inkarçıları il ərzində 2400 avro ödəməklə peyvənd olunmaqdan yaxa qurtara biləcəklər. Səhiyyə Nazirliyi əhalinin sosial vəziyyətini nəzərə alaraq daha az cərimə ödəməli olan qrupları da müəyyən etməlidir.

14 yaşa kimi uşaqlar, COVID-19 xəstəliyindən sağalanlar (6 ay müddətində) və hamilələr peyvənd öhdəliyindən azad ediləcəklər. Eyni zamanda həkimdən müvafiq arayış təqdim etməklə səhhətində peyvəndlə bağlı problem olan şəxslərə də yeni qaydalar şamil olunmayacaq.

Qanun layihəsinə əsasən, gələn il fevralın 15-dən etibarən peyvənd olunmamış şəxslərə peyvənd öhdəliyinə dair məktub göndəriləcək və əgər martın 15-dək vaksinasiya (ilk doza) baş tutmazsa, o zaman həmin şəxslərə cərimə kəsiləcək. Yerli icra hakimiyyəti tərəfindən toplanan vəsaitlər lokal xəstəxanaların büdcəsinə yönəldiləcək.