Yeni il yarmarkalarında qiymətlər necədir? FOTO


Digərləri 06 Dek 2021 20:24:00 145 0

Yeni il yarmarkalarında qiymətlər necədir?  FOTO

Bu il bir çox metro stansiyaların çıxışında yeni il yarmarkaları qurulub. Bayram yaxınlaşdıqca müxtəlif bəzək əşyalarına, şam ağaclarına, hədiyyələr, bir sözlə, Yeni il bayramı üçün lazım olan hər şeyə tələbat artır.

Son.az bildirir ki, Trend-in əməkdaşı həmin yarmarkalardan bir neçəsində olub və qiymətlərlə bağlı araşdırma aparıb.

Yarmarkalarda şam ağacının qiyməti uzunluğundan və formasından asılı olaraq 2 manatdan 90 manata qədər dəyişir. Şam ağacını bəzəmək üçün lazım olan bəzəklərin qutusu isə 2 manatdan başlayır. Zərlər hər biri 50 qəpikdən 5 manata, şarların qiymətləri isə 1 dənəsi 10-20 qəpik arası dəyişir.

Yarmarkada şam ağacı işıqlarının qiyməti uzunluğundan asılı olaraq dəyişir. İşıqların qiyməti 4 manatla 40 manat arasında dəyişir. Əgər evinizi süni qardan istifadə edərək daha da gözəlləşdirmək istəsəniz, bu zaman süni qarlar da ala bilərsiniz. Süni qarların qiyməti isə 2 manatla 3 manat arası dəyişir.

Satıcıların sözlərinə görə, yarmarkalar ayın əvvəlindən fəaliyyət göstərir.

"Yeni ilə bir neçə gün qalır.İnsanlarımız yaxınlaşır, qiymətlərlə maraqlanır, aldığını alır. Yarmarkalarda qiymətlər fərqlidir", - deyə satıcılar bildiriblər.

Qeyd edək ki, Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 2-dən Bakının 12 rayonunda 20-ə yaxın bayram çadırlarının quraşdırılmasına başlanılıb.