Qazlı içkilər ildə 184 min can alır


Digərləri 02 Dek 2021 01:01:00 147 0

Qazlı içkilər ildə 184 min can alır

Amerikalı elm adamlarının araşdırması enerji içkiləri, buzlu çay kimi şəkərli və qazlı içkilərin diabet, ürək-damar və xərçəng səbəbilə baş verən ölümlərlə əlaqəsini aşkara çıxarıb.

ABŞ-da aparılan araşdırma şəkərli və qazlı içkilərin hər il dünyada 184 mindən artıq insanın ölümünə səbəb olduğunu göstərib.

Tufts Universitetindən dr. Dariush Mozaffarian və komandasının 51 ölkəni əhatə edən araşdırması 184 mindən artıq insanın bu içkilərin yol açdığı xəstəliklər səbəbilə həyatını itirdiyini ortaya qoyub.

Elm adamları 1980-2010-cu illərdə aparılan, 611 min 971 insanın iştirak etdiyi qidalanma vərdişləri və ölümlə bağlı 62 araşdırmanın nəticələrini dəyərləndirib.

Araşdırmada enerji içkiləri, buzlu çay kimi şəkərli və qazlı içkilərin hər il 133 min insanın diabetdən, 45 minin qrək-damar xəstəliklərindən və 6 min 450 insanın xərçəngdən ölümünə səbəb olduğu nəticəsinə gəlinib.

Bu içkilərin qəbulu ilə bağlı ölümlərin 76 faizinin aşağı və orta gəlirli ölkələrdə baş verdiyinə diqqət çəkən alimlər həmçinin Yaponiyada 65 yaşdan yuxarı insanlar arasında şəkərli içkilər səbəbindən ölümlərlə bağlı nisbətin 1 faizdən aşağı olduğu halda, Meksikada 45 yaşdan aşağı insanların 30 faizinin bu içkilərin yol açdığı xəstəliklərdən həyatını itirdiyini qeyd edib.

Meksikada ildə orta hesabla 1 milyon insandan 405-nin şəkərli və qazlı içkilərlə bağlı xəstəliklərdən öldüyünü misal gətirən elm adamları bu halın Meksikada etibarlı içməli su əldə etməklə bağlı çətinliklərdən qaynaqlandığını ifadə edib. ABŞ-da isə 1 milyon insandan 125-nin bu içkilər səbəbindən öldüyü vurğulanıb.