Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsi hər keçən gün artır


Digərləri 01 Dek 2021 17:30:00 132 0

Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsi hər keçən gün artır

Rusiyanın Ukrayna sərhədləri boyu qoşuun cəmləşdirməsi davam edir və həm Kiyevdə, həm Qərbdə Kremlin irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdığı barədə qənaət də get-gedə artır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı Birləşmiş qüvvələrinin komandanı , general Sergey Nayev ABŞ-dan hərbi dəstək istəyib. General ABŞ-ın Kiyevdəki hərbi attaşesi Brittni Stüartla görüşündə xahiş edib ki, Ukrayna qüvvələrinə konsultativ-ekspert dəstəyi və "əhəmiyyətli ölçülərdə praktiki dəstək" göstərilsin.

Görüşdə Nayev amerikalı polkovniki Donbassdakı və Qara dəniz regionundakı vəziyyət, o cümlədən Ukrayna sərhədləri boyu Rusiyanın hərbi qüvvə cəmləşdirməsi barədə məlumatlandırıb. Və "Rusiya təcavüzünə qarşı" kömək istəyib. "Tam əməliyyat imkanları əldə etmək üçün bizə ABŞ-ın konsultativ-məsələhət, ekspert və əhəmiyyətli ölçülərdə praktiki köməyi lazımdır",- general bildirib. Hərbi attaşe bu xahişə müsbət cavab verib və deyib ki, ABŞ Ukraynanı yaranmış vəziyyətdə tək qoymayacaq, hərbi sahədə dəstəyini davam etdirəcək.

ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, general Ben Hoces isə hesab edir ki, Rusiya ilə müharibə Ukraynanın məğlub olması ilə nəticələnəcək.

Onun sözlərinə görə, Ukrayna irimiqyaslı hərbi münaqişəyə hazır deyil. Ben Hoces Gazeta.pl portalında dərc edilmiş məqaləsində bildirir ki, Ukraynaya Moskva ilə döyüş əməliyyatları aparmaq üçün güclü artilleriya, müxtəlif istiqamətlərdə Rusiyanın zərbələrinə çevik reaksiya verə bilən yüksək mobilli mexanikləşdirilmiş qüvvələr lazımdır. Onun sözlərinə görə, Ukrayna ordusu üçün Rusiyanı ciddi itkilərə məruz qoymaq uğur hesab edilə bilərdi, amma hazırda Kiyev Rusiya ordusunu geri çəkilməyə məcbur edəcək gücə malik deyil.

Bir gün əvvəl isə NATO ölkələrinin xarici işlər naziri Ukrayna sərhədlərində yaranmış vəziyyəti müzakirə ediblər və Rusiyaya qarşı birgə cavab tədbirləri barədə danışıblar. Bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq danışıqların yekunu olaraq jurnalistlər qarşısında bildirib. O deyib ki, Rusiya Ukraynaya qarşı hərbi müdaxiləyə qərar versə onu "iqtisadi və siyasi tədbirlər" gözləyir. Lakin iqtisadi və siyasi tədbirlərlər rus hərb maşınını dayandırmağın nə dərəcədə mümkün olacağını NATO Baş katibi əsaslandırmayıb.